02 mart 2026 12:54
123

Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirib

Son günlər regionumuzda baş verən gərgin hadisələr, xüsusilə ABŞ və İsrailin İrandakı strateji obyektlərə hava zərbələri endirməsi qlobal və regional müstəvidə ciddi narahatlıq doğurur. Yaxın Şərqdə alovlanan münaqişə ocaqlarının genişlənməsi və qonşu dövlətlərin birbaşa hərbi qarşıdurmaya cəlb olunması təkcə həmin ölkələr üçün deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturası üçün real təhdiddir.

Hərbi gərginlik fonunda əməliyyatların miqyasının böyüməsi regionda yeni bir qaçqın dalğasına və humanitar böhrana səbəb ola bilər. Bu isə birbaşa qonşu ölkələrə, o cümlədən Azərbaycana mənfi təsir göstərə biləcək ən həssas amildir. Digər tərəfdən, regionun mühüm enerji dəhlizi və nəqliyyat qovşağı olması hər hansı irimiqyaslı müharibənin qlobal enerji bazarlarına və strateji marşrutlara ağır zərbə vurması deməkdir.

Azərbaycan dövləti hər zaman beynəlxalq hüququn prinsiplərinə sadiqliyini nümayiş etdirib. Biz inanırıq ki, yaranmış ixtilaflar hərbi güc tətbiqi ilə deyil, yalnız diplomatik müstəvidə, dialoq vasitəsilə həll olunmalıdır.

İranın daxili dinamikasına nəzər saldıqda, orada demokratiyanın nəzəri olaraq mümkünlüyü aydın görünür. Ölkənin buna hazır olan çox güclü intellektual bazası, təhsilli gəncliyi və tələbkar cəmiyyəti var. Lakin bu keçid mövcud teokratik konstitusiya çərçivəsində deyil, böyük ehtimalla həmin sistemin köklü şəkildə dəyişməsi və ya “post-İslam Respublikası” dövründə real ola bilər.

İranın demokratikləşməsi Cənubi Qafqazda, xüsusən də Azərbaycan üçün geosiyasi mənzərəni kökündən dəyişə biləcək bir hadisə olar. Demokratik bir İran Azərbaycan üçün “təhdid mənbəyi”ndən “strateji imkanlar qapısı”na çevrilə bilər. Bu transformasiya təkcə iki ölkə arasında deyil, bütövlükdə “Böyük Orta Şərq” və Cənubi Qafqazda sabitliyin qarantına çevrilər. Şübhəsiz ki, bu prosesin keçid dövrü (rejim dəyişikliyi anı) özündə müəyyən risklər və qeyri-müəyyənliklər də daşıyır.

Regionun bu qədər gərginləşdiyi bir dövrdə Azərbaycanın milli maraqlarının qorunması, sərhədlərimizin təhlükəsizliyinin təmini və daxili sabitliyimizin mühafizəsi bizim ən ali vəzifəmizdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslı və müstəqil xarici siyasət bizi bu kimi regional təlatümlərdən qoruyan ən güclü qalxandır.

Biz regionda yeni müharibə ocaqlarının alovlanmasında deyil, əməkdaşlığın və iqtisadi inkişafın tərəfdarıyıq. Azərbaycanın mövqeyi qətidir: ölkəmiz heç bir halda öz ərazisindən qonşu dövlətlərə qarşı poliqon kimi istifadə olunmasına icazə verməyib və verməyəcəkdir.

Müharibə heç vaxt qalıcı sülh gətirmir. Bizim əsas məqsədimiz regionun “barıt çəlləyinə” çevrilməsinin qarşısını almaq və Cənubi Qafqazda min bir zəhmətlə formalaşmış sabitliyi qorumaq olmalıdır. Sülh isə yalnız qarşılıqlı hörmət və hüququn aliliyi üzərində bərqərar ola bilər.

Anar Məmmədov,

Milli Məclisin deputatı