02 mart 2026 15:55
153

Naxçıvan: Qədim karvan yolundan MÜASİR NƏQLİYYAT QOVŞAĞINA

Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan coğrafi mövqeyi, strateji əhəmiyyəti və qədim tarixilə seçilən diyardır. Bir bölgənin inkişafı təkcə onun mədəni irsi və sənaye potensialı ilə deyil, həm də insanların hərəkətini, əlaqəsini və gündəlik həyatını təmin edən yol şəbəkəsi ilə də ölçülür. Yol tikintisi ölkənin inkişafı, vətəndaşların firavan yaşayışı deməkdir. Müasir yol şəbəkələri olmadan yüksək iqtisadi nailiyyətlər əldə etmək mümkün deyil. Ümummilli Lider Heydər Əliyevin də dediyi kimi: “Yol iqtisadiyyat, mədəniyyət bir sözlə həyat deməkdir”. Buna görə də Naxçıvanda yol infrastrukturunun yenilənməsi, genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması diqqətdə saxlanılır.

Azərbaycanda yol-nəqliyyat kompleksinin inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan nəqliyyat sahəsində də əsaslı dəyişikliklərə və inkişafa təkan verilmiş, avtomobil yollarının bərpası və yenidən qurulmasına əlverişli şərait yaranmışdır. Dahi rəhbərin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də nəqliyyat sektorunun inkişafını prioritet istiqamət kimi müəyyənləşdirmişdir. Son illər yol-nəqliyyat sistemində, xüsusilə avtomobil yolları ilə bağlı bir sıra irimiqyaslı layihələr reallaşdırılır. Dövlət başçımızın bu sahədə imzaladığı sərəncamlara, qəbul olunan dövlət proqramlarına uyğun olaraq ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində kompleks tədbirlər görülməkdədir.

Ölkə başçısının bu sahədə irəli sürdüyü vəzifələr muxtar respublikada da uğurla həyata keçirilir, aparılan genişmiqyaslı quruculuq işlərində yol tikintisinə xüsusi diqqət yetirilir. Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda 11 prioritet istiqamət müəyyən olunmuşdur ki, onlardan biri də Naxçıvan Muxtar Respublikasında nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən müasir avtomobil yol layihələrinin hazırlanmasıdır. Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir.

Böyük İpək Yolunun üzərində yerləşən Naxçıvan tarixin bütün mərhələlərində beynəlxalq ticarət və iqtisadi əlaqələrin inkişafında mühüm rol oynamışdır. Ümummilli Liderin “Böyük İpək Yolu keçmişdən başlasa da, gələcəyə doğru gedən yoldur. O, xalqımızı firavanlığa və tərəqqiyə çıxaracaqdır” fikri bu gün də öz aktuallığını qoruyur və strateji inkişaf xəttinin əsas ideya mənbələrindən biri kimi çıxış edir. Məhz bu siyasi kursun davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti nəticəsində regionda yeni geoiqtisadi reallıqlar formalaşmış, Zəngəzur dəhlizinin açılması perspektivi Naxçıvanın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Bu dəhliz yalnız tarixi ədalətin bərpası deyil, həm də Naxçıvanın birbaşa quru bağlantısı vasitəsilə Azərbaycanın əsas hissəsi və beynəlxalq nəqliyyat şəbəkələri ilə inteqrasiyasını təmin edəcək mühüm strateji layihədir.

Dünya əhəmiyyətli Böyük İpək Yolunun Naxçıvan ərazisindən keçən hissəsinin müasir standartlara uyğun bərpası, magistral yolların yenidən qurulması və nəqliyyat-logistika infrastrukturunun gücləndirilməsi Zəngəzur dəhlizinin açılması fonunda daha geniş iqtisadi imkanlar yaradacaqdır. Bu proses muxtar respublikanın tranzit potensialını artırmaqla yanaşı, beynəlxalq yük və sərnişin daşımalarında rolunu əhəmiyyətli dərəcədə gücləndirəcək, regionu Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm qovşaqlarından birinə çevirəcəkdir.

Beləliklə, Ulu Öndərin strateji baxışları və dövlət başçısının qətiyyətli siyasəti nəticəsində Naxçıvan Böyük İpək Yolunun müasir mərhələdə yenidən canlanan həlqəsi kimi çıxış edərək iqtisadi yüksəlişin və regional inteqrasiyanın yeni inkişaf mərhələsinə qədəm qoyur.

Bu strateji xəttin praktik müstəvidə reallaşdırılması isə nəqliyyat infrastrukturunun davamlı şəkildə təkmilləşdirilməsini zəruri edir. Məhz bu baxımdan Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu istiqamətdə  həyata keçirilən tədbirlər kompleks xarakter daşıyır və regionun nəqliyyat şəbəkəsinin mərhələli və sistemli inkişafını təmin edir. Bu çərçivədə həm magistral yollar, həm də kənd və qəsəbələri birləşdirən daxili yol şəbəkələri yenidən qurulur. Yol yatağının möhkəmləndirilməsi, asfalt-beton örtüyünün keyfiyyətinin artırılması və relyefə uyğun mühəndis qurğularının quraşdırılması kimi həllər, infrastrukturun uzunmüddətli və sabit istismarına şərait yaradır.

Agentlik, muxtar respublikada 1.161 kilometr uzunluğunda ümumi istifadədə olan avtomobil yollarına və həmin yollar üzərində yerləşən 162 körpüyə xidmət göstərir. Bu yolların 269 kilometri respublika, 892 kilometri isə yerli əhəmiyyətli yollardan ibarətdir. Bununla yanaşı, Agentlik muxtar respublikanın şəhər və kənd yaşayış məntəqələrində yerləşən, ümumi uzunluğu 2.952 kilometr olan bələdiyyə və icra hakimiyyətlərinin balansında olan yolları da diqqətdə saxlayır.

Bu geniş yol şəbəkəsinə fasiləsiz xidmət göstərilməsi, eyni zamanda, onun mərhələli şəkildə yenilənməsi fəaliyyətin miqyasını və məsuliyyət yükünü aydın şəkildə nümayiş etdirir. Statistik göstəricilər isə görülən işlərin illər üzrə artan dinamika ilə həyata keçirildiyini təsdiqləyir. Belə ki, 1995-ci ildən bu günə kimi muxtar respublikada 20.7 kilometr avtomobil yolu tikilib, 2.664 kilometr avtomobil yolu əsaslı təmir olunub və 96 körpü tikilərək vətəndaşların istifadəsinə verilib. Bu rəqəmlər yol infrastrukturunun davamlı inkişafının ardıcıl dövlət siyasətinin nəticəsi olduğunu bir daha göstərir.

Muxtar respublikada müasir avadanlıqlarla təmin olunan asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları yol təsərrüfatının yenidən qurulmasında əsas amil olan keyfiyyətli asfalt istehsalına imkan verib. Son illər Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin maddi-texniki bazası da xeyli möhkəmləndirilib, istehsal olunan asfaltın vaxtında yerlərə çatdırılması və asfalt-beton örtüyünün keyfiyyətlə salınmasında mühüm rol oynayan müasir mexanizmlərlə təmin olunub. Bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikada yol tikintisinin səmərəli təşkilinə şərait yaradaraq, müasir mühəndis-texniki tələblərə cavab verən avtomobil yolları inşa olunub.

Ölkə başçısının diqqətilə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikanın ən ucqar dağ və sərhəd kəndlərinə belə ilin istənilən fəslində və günün istənilən saatında rahat gediş-gəliş mümkündür. Ən ucqar kəndlərə qədər uzanan asfalt yollar təkcə rahatlığı təmin etmir, həm də əhali üçün yeni imkanlar yaradır: kənd təsərrüfatı məhsullarının daşınması sürətlənir, turizm obyektlərinə gediş-gəliş asanlaşır. Yolların yenilənməsi həmçinin gələcək investisiyalar üçün əlverişli mühit formalaşdırır və bölgənin ümumi inkişaf strategiyasına dinamizm gətirir. Yenidən qurulan və ya təmir olunan yollar yalnız nəqliyyat hərəkətinin sürətini artırmır, həm də təhlükəsizliyi prioritet kimi diqqətdə saxlayır. Müasir standartlara uyğun yol nişanlarının, piyada keçidlərinin və işıq əksetdirici siqnal dirəklərinin quraşdırılması sürücü və piyadalar üçün daha təhlükəsiz hərəkət mühitinin formalaşmasına xidmət edir.

Təkcə 2025-ci il ərzində Dövlət Proqramına uyğun olaraq 56 kilometr avtomobil yolu əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilib. Bu rəqəmlər yol infrastrukturunun yenilənməsinin təsadüfi deyil, məqsədyönlü planlaşdırma və ardıcıl icra prinsiplərinə əsaslandığını təsdiqləyir. Görülən işlər bir daha göstərir ki, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi yol təsərrüfatına uzunmüddətli xidmət sahəsi kimi yanaşır. Yolların yenidən qurulması, təmiri və istismarı mərhələli şəkildə həyata keçirilir. Hər bir kilometr yolun dayanıqlı və keyfiyyətli olması isə Agentliyin fəaliyyətində prioritet kimi müəyyən olunub.

Qeyd edək ki, ötən ilin sonundan etibarən muxtar respublikanın 95.6 kilometrlik avtomobil yolunda əsaslı təmir işlərinə də başlanılıb. Bu, irihəcmli layihə olmaqla yol infrastrukturunda genişmiqyaslı yenilənməni əhatə edir. Belə ki, Naxçıvan şəhərinin bir sıra məhəllə və küçələrində yol əsasının möhkəmləndirilməsi və suötürücü qurğuların quraşdırılması istiqamətində işlər aparılır. Cari ildə də yol infrastrukturunun yenilənməsi istiqamətində işlərin ardıcıl və planlı şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Bu yanaşma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yol infrastrukturuna verdiyi yüksək önəmin məntiqi davamıdır. Dövlət başçısının dediyi kimi: “Harada ki, yol tikilir, orada inkişaf vardır. Ona görə də bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir... Bu o qədər də asan məsələ deyildir. Yol tikintisi çox böyük peşəkarlıq tələb edir. Keyfiyyətli yol böyük ustalıq və əlbəttə ki, nəzarət tələb edir”. Naxçıvanda həyata keçirilən layihələr də məhz bu prinsipə əsaslanaraq peşəkar yanaşma, ciddi texniki nəzarət və yüksək keyfiyyət standartları əsasında icra olunur.

Agentlik işin müasir standartlara uyğun icrasını təmin etmək üçün beynəlxalq təcrübədən də aktiv şəkildə yararlanır. Yol infrastrukturunun layihələndirilməsi, tikintisi və təhlükəsizliyi üzrə qabaqcıl texnologiyaların tətbiqi məqsədilə bir sıra xarici şirkətlər və mütəxəssislərlə əməkdaşlıq həyata keçirilir. Bu isə həm yol keyfiyyətinin yüksəldilməsinə, həm də uzunmüddətli və davamlı istismar imkanlarının təmin olunmasına xidmət edir.

İqtisad elminin atası hesab olunan Adam Smit “Xalqların sərvəti” kitabında qeyd etdiyi kimi, yaxşı yollar ticarəti stimullaşdıraraq ölkəni zənginləşdirir.  Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın yenilənən yolları da məhz ölkəmizin davamlı inkişafına əvəzsiz töhfə verəcək.

Əli İbrahimbəyli,
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi