02 mart 2026 21:07
113

Azərbaycan və Moldova enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və moldovalı həmkarı Dorin Jungietu Bakıda keçirilən görüşdə təbii qazın hasilatı sahəsində əməkdaşlığı müzakirə ediblər.

“İki sahil” Moldovanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, Dorin Jungietu Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 12-ci nazirlik görüşündə iştirak edir.

"Tədbir çərçivəsində nazir Dorin Jungietu Azərbaycanın energetika naziri Pərviz Şahbazovla ikitərəfli görüş keçirib. Müzakirələr təbii qazın hasilatı sahəsində ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi, regional tələbin inkişafı, həmçinin Moldovanın qaz bazarının davam edən liberallaşdırılması şəraitində qarşılıqlı əməkdaşlıq imkanları üzərində cəmləşib", - məlumatda deyilir.

Avropa qaz bazarlarının yenidən qurulması kontekstində tərəflər uzunmüddətli təchizat təhlükəsizliyinin təmin edilməsi üçün genişlənən infrastrukturun, tənzimləmə koordinasiyasının və regional tərəfdaşlıqların əsas rolunu vurğulayıblar.

Moldovalı nazir enerji keçidinin irəliləməsi ilə paralel olaraq qaz sektorunda yeni layihələrin həyata keçirilməsini dəstəkləyən praqmatik siyasətin vacibliyini vurğulayıb. O, Azərbaycan şirkətlərini enerji yığma sistemlərinin (BESS) inteqrasiyası ilə 170 MVt gücündə külək parkının tikintisi üzrə yeni tenderə dəvət edib ki, bu da milli enerji sisteminin çevikliyini və davamlılığını artırmağa imkan verəcək.