03 mart 2026 11:05
102

Avropada qazın qiyməti 25 faiz artıb

Qlobal enerji tədarükünə təhlükə yaradan Yaxın Şərq münaqişəsi Avropada qaz qiymətlərinin 25 faiz bahalaşmasına səbəb olub.

“İki sahil” xəbər verir ki, bu, 2023-cü ilin avqustundan bəri qeydə alınan ən böyük artımdır.

Hörmüz boğazı dünya üzrə mayeləşdirilmiş təbii qaz (LNG) ixracının təxminən beşdəbirinin daşındığı əsas marşrut hesab olunur. Həftəsonu tankerlərin böyük hissəsi bu marşrutdan keçidi dayandırıb. Neft qiymətləri də kəskin bahalaşıb.

Yaxın Şərqdən göndərilən LNG-nin əsas alıcıları Asiya ölkələri olsa da, mümkün fasilələr alternativ təchizat uğrunda rəqabəti gücləndirərək dünya üzrə, o cümlədən Avropada qiymətləri artıra bilər.

Avropa xüsusilə həssas mövqedədir. Qitənin qış mövsümünün sonuna yaxınlaşmağına və qaz istehlakının azalmağına baxmayaraq, ehtiyat səviyyələri qeyri-adi dərəcədə aşağıdır. Region qarşıdakı istilik mövsümünə hazırlaşmaq üçün yay aylarında böyük həcmdə LNG idxal etməlidir.

“Goldman Sachs Group” analitiklərinin qiymətləndirməsinə görə, Hörmüz boğazında gəmiçiliyin bir ay müddətinə dayanması Avropada qaz qiymətlərinin iki dəfədən çox artmasına səbəb ola bilər. Halbuki ötən ay mülayim hava şəraiti fonunda qiymətlər 19 faiz ucuzlaşmışdı.

Münaqişə həftəsonu ABŞ və İsrailin İrana zərbələr endirməsindən sonra daha da kəskinləşib. Tehran bir neçə ölkəyə qarşı cavab zərbələri endirib. Qətər və Birləşmiş Ərəb Əmirliklərində yükləmə planlaşdıran LNG tankerləri marşrutlarını dəyişdirir və ya gecikdirir. Qətər dünyada ən böyük LNG ixrac zavodunda işçi sayını müvəqqəti azaldıb.

Bundan əlavə, İsrail şənbə günü təhlükəsizlik tədbiri olaraq bəzi qaz hasilatı müəssisələrinin müvəqqəti olaraq dayandırıldığını elan edib.

İran Hörmüz boğazını bağlamaq niyyətində olmadığını bildirsə də, münaqişə başlayandan dərhal sonra gəmilər bu marşrutdan yayınmağa başlayıb. Qətər bütün gəmilərinin hərəkətinin müvəqqəti dayandırıldığını bildirib.