03 mart 2026 11:18
116

Bu il özünüməşğulluq proqramı üzrə 700-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub

Mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramının icrası 2026-cı ildə də uğurla davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il artıq 700-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, mal və materiallar formasında verilmiş aktivlər hesabına onlardan 545 şəxs kənd təsərrüfatı, digər şəxslər isə istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurublar.

Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlər biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.