03 mart 2026 13:06
105

Azərbaycan qazı 10-u Avropa İttifaqına üzv olmaqla ümumilikdə 16 ölkəyə ixrac olunur

Qarşıdakı onilliklər ərzində təbii qaz enerji təhlükəsizliyinin əsasını təşkil edəcək. Bu təhlükəsizliyin dayanıqlı olması üçün isə sərmayə və aydın siyasət təmin olunmalıdır.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclasında çıxış edərək deyib.

Onun sözlərinə görə, elektrik enerjisinə tələbat sürətlə artır və bu artımı etibarlı şəkildə dəstəkləyə bilən yeganə çevik resurs hələ də təbii qazdır.

“Bu reallıq təbii qaza münasibətdə praqmatik qiymətləndirməni zəruri edir. Bu kontekstdə məsləhət şuraları təbii qaz, bərpaolunan enerji və şaxələndirilmiş enerji nəqli marşrutları üzrə əməkdaşlığı təşviq etməklə praktik həllər irəli sürür və bu platformanın əsasını formalaşdırır. Azərbaycan 2021-ci ildən bəri Avropaya təbii qaz tədarükünü 56 faizdən çox artırıb, Trans-Adriatik Qaz Kəmərinin (TAP) ötürmə gücü isə 1,2 milyard kubmetr genişləndirilib. Azərbaycan, həmçinin Suriya, Almaniya və Avstriyaya qaz tədarükünə başlayaraq təchizat şəbəkəsini Cənub-Şərqi Avropadan Yaxın Şərqə və Mərkəzi Avropaya qədər genişləndirib. Hazırda Azərbaycan qazı 10-u Avropa İttifaqına üzv olmaqla ümumilikdə 16 ölkəyə ixrac olunur”, - deyə energetika naziri vurğulayıb.