04 mart 2026 11:27
91

Azərbaycan bütün Avropa üçün strateji tərəfdaş kimi qəbul edilir

Artıq dünya bu reallığı təsdiqləyir ki, Azərbaycan beynəlxalq miqyasda baş verən iqisadi proseslərin mərkəzindədir. Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin digər ölkələrin dövlət başçılarının Azərbaycan səfərləri, keçirilən beynəlxalq əhəmiyyətli, tərəfdaşlar arasında yeni münasibətlərin əsası kimi dəyərləndirilən beynəlxalq tədbirlər Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə öz müsbət təsirini göstərir. Bununla da Azərbaycan bütün Avropa üçün strateji tərəfdaş kimi qəbul edilir.

Azərbaycanın enerji diplomatiyası bu gün sadəcə bir ölkənin iqtisadi maraqlarını deyil, bütöv bir qitənin enerji təhlükəsizliyini təmin edən strateji sütuna çevrilib. Enerji sahəsində Azərbaycanın qazandığı uğurlar bu istiqamətdə ölkəmizin yaratdığı yeni reallıqları əks etdirir. Enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb. Bu reallıq Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bir daha vurğulandı.

Mart ayının 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın enerji sahəsində qazandığı uğurlar baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynayır. Dünyanın dəyişdiyi, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyətinin daha da artdığı bir zamanda keçirilən bu tədbir qarşıda dayanan yeni vəzifələri açıqladı və səylərin birləşdirilməsinə çağırışlar etdi. Həmçinin ənənəvi keçirilən bu tədbir qlobal səviyyədə iqtisadi mənzərənin təqdimatında əhəmiyyətli rol oynadı.  Bu gün Cənub Qaz Dəhlizi layihəsinin şaxələndirilməsi və genişləndirilməsi istiqamətində yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir. Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi artıq 5 ildir ki, fəaliyyətdədir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Qeyd etmək lazımdır ki, Azərbaycan qazının Avropaya təchizatının arealı ildən-ilə genişlənir. Əgər layihənin ilkin mərhələsində 12 ölkəyə qaz ixrac olunurdusa, bu gün Azərbaycan qazının istehlakçılarının sayı 16-ya çatıb.

Azərbaycanın enerji diplomatiyasının ən böyük iqtisadi nəticəsi özünü ixrac coğrafiyasının sürətli genişlənməsində göstərir. Hazırda boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə Azərbaycanın dünyada ön sıralarda olması təsadüfi deyil. Bu, gəlirlərin sabitləşməsi və geosiyasi risklərin minimuma endirilməsi deməkdir. Almaniya və Avstriya kimi nəhəng iqtisadiyyatların Azərbaycan qazını alan ölkələr sırasına qoşulması ölkəmizin Avropa bazarında mövqelərinin sarsılmaz olduğunu nümayiş etdirir. İxracın şaxələndirilməsi strategiyası çərçivəsində Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükünün başlanması Azərbaycanın yeni və fərqli bazarlara çıxış imkanlarını genişləndirir. Bu addım göstərir ki, Azərbaycan üçün şaxələndirmə yalnız istehlakçılar üçün deyil, bir istehsalçı kimi dövlətimizin iqtisadi dayanıqlığının əsas elementidir.

Hazırkı dövrün əsas çağırılarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev bir çox mühüm mesajlar verərək dövlətimizin təkcə ənənəvi enerji resursları sahəsində deyil, həm də gələcəyin “yaşıl iqtisadiyyatı” üzrə strateji vizyonunu dünyaya bəyan etdi. Prezident İlham Əliyevin çıxışında ən mühüm mesajlardan biri Azərbaycanın bərpa olunan enerji potensialı ilə bağlı idi. Ölkəmiz artıq neft-qaz ixracatçısı olan dövlətdən “yaşıl enerji” ixracatçısına çevrilmə mərhələsinə qədəm qoyub. Belə ki, Xəzər dənizinin nəhəng külək enerjisi və işğaldan azad edilmiş ərazilərin günəş enerjisi potensialı Azərbaycanı yaşıl enerji dəhlizlərinin mərkəzinə çevirir.

Göründüyü kimi, Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaq üçün həm siyasi iradəyə, həm də unikal təbii-intellektual potensiala malikdir. Dövlətimizin həyata keçirdiyi enerji diplomatiyası təkcə bu günümüz üçün deyil, gələcək nəsillər üçün daha firavan, dayanıqlı və təhlükəsiz bir dünya naminə atılan ən böyük töhfədir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı