07 mart 2026 19:13
105

Böyük Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərə bilər

Böyük Britaniya hökuməti Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda təyyarədaşıyan hərbi gəminin mümkün yerləşdirilməsi üçün hazırlıqlara başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. Məlumata görə, Böyük Britaniyanın Kral Donanmasına məxsus “HMS Prince of Wales” təyyarədaşıyan gəmisinin hərəkətə hazır olma müddəti 10 gündən 5 günə endirilib. Bu isə gəminin zəruri qərar qəbul ediləcəyi halda daha sürətli şəkildə əməliyyata cəlb olunmasına imkan verəcək.

Mənbələrin bildirdiyinə görə, ABŞ və İsrailin İranla münaqişəsi fonunda ekipaj üzvlərinə də mümkün yerləşdirmə barədə xəbərdarlıq edilib.

Qeyd olunur ki, bu addım gəminin mütləq şəkildə Yaxın Şərqə göndəriləcəyi anlamına gəlmir. Lakin belə bir qərar qəbul olunarsa, Böyük Britaniyanın Baş nazirinin gəmini daha sürətli şəkildə bölgəyə göndərmək üçün əlavə imkanları olacaq. F-35 qırıcı təyyarələri daşıya bilən “HMS Prince of Wales” gəmisi adətən digər hərbi gəmilər və sualtı qayıqla müşayiət olunur. Gəmi hazırda Portsmut hərbi dəniz bazasında yerləşir.