Türkiyənin müdafiə naziri Yaşar Güler və xarici işlər naziri Hakan Fidan gələn həftə Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclaslarında İran ətrafında vəziyyətlə bağlı hesabatlarla çıxış edəcəklər.
“İki sahil” xəbər verir ki, nazirlərin yarımsaatlıq çıxışlarından sonra Güler və Fidan parlament üzvlərinin İran və Yaxın Şərq bölgəsi ətrafında gərginliklə bağlı suallarını cavablandıracaq və Ankaranın bu məsələ ilə bağlı mövqeyini aydınlaşdıracaqlar.
TBMM sessiyasının növbəti həftəsi martın 10-da başlayır.
Dünən Türkiyənin xarici işlər naziri ölkənin cənub sərhədi yaxınlığında İrana məxsus ballistik raketin vurulması ilə bağlı yenidən şərh verərək “Ankaranın təxribatlara uymayacağını” vurğulayıb. Eyni zamanda, Türkiyənin Müdafiə Nazirliyi İranla şərq sərhədi boyunca təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.