Almaniyanın ən çox inkişaf etmiş üçüncü əyaləti olan Baden-Vürttemberqdə keçirilən parlament seçkilərində Yaşıllar Partiyası cüzi fərqlə Xristian Demokratlar İttifaqına (CDU) qalib gələrək birinci olub.
“İki sahil” xəbər verir ki, 21 partiyanın mübarizə apardığı seçkilərdə Yaşıllar Partiyası saat 22:55-ə olan məlumata əsasən səslərin 30,3 faizini toplayıb. CDU 27,3 faiz səslə ikincidir. Almaniya üçün Alternativ Partiyası (Afd) proqnozlaşdırıldığı kimi sonuncu seçki ilə müqayisədə səslərini iki dəfə artıraraq 18,7 faiz səslə üçüncü olub. Partiyalar arasında 5 faizlik həddi keçən digər partiya isə Sosial Demokrat Partiyası (5,5 faiz) olub. Yaşıllar Partiyasının türk əsilli namizədi, sabiq nazir Cem Özdemir xüsusilə son sorğularda öz reytinqini artıraraq, CDU-nun namizədi Manuel Hagel ilə fərqi azaltmışdı. Əyalətdə seçicilər arasında böyük nüfuza sahib olan C.Özdemirin qalib gələcəyi əvvəlcədən proqozlaşdırılırdı.
Baden-Vürttemberq 1952-ci ildə yaradıldıqdan sonra əyalətdə ümumilikdə 24 hökumət fəaliyyət göstərib. İlk seçkilər istisna olmaqla, 1953-cü ildən 2011-ci ilədək bütün seçkilərdə CDU qalib gəlib. 2011-ci ildə isə əyalətdə Yaşıllar Partiyası qalib gəlib.
Qeyd edək ki, 11,3 milyon əhalisi olan Baden-Vürttemberq Almaniyanın ümumi daxili məhsulunda 15 faizlik paya sahibdir. Baden-Vürttemberq bu göstəriciyə görə Şimali Reyn-Festvaliya (20,3 faiz) və Bavariya (18,4 faiz) əyalətlərindən geri qalır.