“Azərkosmos” tərəfindən dünyanın 32 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib
Azərbaycanın qeyri-neft sektorunda ixracın dinamik artımı iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü islahatların real nəticələrini əks etdirir. Son illər ərzində rəqabətqabiliyyətli istehsalın təşviqi, ixracın stimullaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi, logistika və nəqliyyat infrastrukturunun modernləşdirilməsi, eləcə də sahibkarlıq subyektlərinə göstərilən maliyyə və institusional dəstək tədbirləri qeyri-neft sektorunun dayanıqlı inkişafına zəmin yaradıb.
Xarici ticarət göstəricilərinin təhlili göstərir ki, qeyri-neft məhsullarının dünya bazarlarında mövqeyi möhkəmlənir, “Made in Azerbaijan” brendinin tanıtımı genişlənir, ixrac coğrafiyası şaxələnir. Aqrar sahədə məhsuldarlığın yüksəldilməsi, emal sənayesində əlavə dəyər yaradan istehsalın genişləndirilməsi və sənaye parkları ilə aqroparkların fəaliyyətinin gücləndirilməsi ixrac potensialının artmasına mühüm töhfə verir.
Eyni zamanda, rəqəmsallaşma, gömrük və ticarət prosedurlarının sadələşdirilməsi, ixrac missiyaları və beynəlxalq sərgilərdə fəal iştirak yerli istehsalçıların xarici bazarlara çıxış imkanlarını genişləndirir. Bütün bunlar qeyri-neft sektorunun ölkə iqtisadiyyatında payının artmasına, valyuta daxilolmalarının çoxalmasına və iqtisadi dayanıqlılığın möhkəmlənməsinə xidmət edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nda bildirilir ki, 2026-cı ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artaraq 268,4 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə yeyinti məhsullarının ixracı 22,6 faiz artaraq 103 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin yanvar ayında ixrac olunan əsas məhsullar üzrə yüksək artım tempi qeydə alınıb. Belə ki, ötən ilin eyni ayı ilə müqayisədə şəkər ixracı 169,3 faiz, pambıq iplik 137,6 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 90,8 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 39,5 faiz, meyvə-tərəvəz 32,1 faiz, pambıq lifi 23,2 faiz, çay 20,9 faiz, spirtli və spirtsiz içkilər isə 14,2 faiz artıb.

Hesabat ayında aqrar məhsullar üzrə ixrac 32,6 faiz artaraq 85,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 21,9 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 23,8 faiz artaraq 107,6 milyon ABŞ dollarına çatıb. 2026-cı ilin yanvar ayında qeyri-neft sektoruna aid ixrac edilmiş mallar arasında qızıl 33 milyon ABŞ dolları ilə birinci yerdə qərarlaşıb. Qabığı təmizlənmiş meşə fındığı 29,3 milyon ABŞ dolları ilə ikinci, təzə xurma isə 22,3 milyon ABŞ dolları ilə üçüncü olub.
Həmin dövrdə qeyri-neft sektoru üzrə ixracın əsas istiqamətləri sırasında Rusiya Federasiyası (77 milyon ABŞ dolları), İsveçrə (38,6 milyon ABŞ dolları), Gürcüstan (31,6 milyon ABŞ dolları), Türkiyə (31,5 milyon ABŞ dolları) və Ukrayna (15,2 milyon ABŞ dolları) yer alıb.
2026-cı ilin yanvar ayı üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “AGRARCO” MMC, “Prime Cotton” MMC, “Baku Steel Company” QSC, “Prime LM” MMC, “KHAN-EL” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “AFA Export” MMC, “P-AQRO” MMC və “Mors Trading” MMC təmsil olunublar.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlər arasında “AzerGold” QSC liderlik edib. Siyahıda, həmçinin “SOCAR Polymer” MMC, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Naxçıvan Enerji” MMC, “Sənayecihaz” EİM, “SOCAR CAPE” MMC, “Qaradağ Şüşə Zavodu” ASC və “Azərxalça” ASC yer alıb.
Hesabat ayında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 32 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Peyk xidmətlərinin ixracından əldə olunan gəlir qurumun ümumi gəlirlərinin 65 faizini təşkil edib. Peyk telekommunikasiya xidmətlərinin ixracında ilk beşlikdə 348,5 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 283 min ABŞ dolları ilə Lüksemburq, 187,2 min ABŞ dolları ilə İsveç, 72,4 min ABŞ dolları ilə Türkiyə və 69,6 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.
Orxan Vahidoğlu, “İki sahil”
Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub
Peskov: Putin İran ətrafındakı böhranın həlli ilə bağlı təklifləri Trampa çatdırıb