12 mart 2026 00:09
126

SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandanı Əli Fədəvi bildirib ki, İslam Respublikası su altından buraxıla bilən raketlərə malikdir.

“İki sahil” xəbər verir ki, bu barədə CNN İran KİV-nə istinadən məlumat yayıb.

"Bizim su altından buraxıla bilən raketlərimiz var, onların sürəti saniyədə 100 metr təşkil edir. Biz onlardan yaxın günlərdə istifadə edə bilərik", - o bildirib.

Ə.Fədəvi həmçinin qeyd edib ki, bu cür silahların texnologiyası yalnız İran və Rusiyada mövcuddur.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.