“Aqroservis” ASC tərəfindən cari ildə taxıl biçininə hazırlıq məqsədilə mexanizatorlar üçün təşkil olunan təlimlər davam edir. Martın 10-dan başlayan təlimlər müxtəlif kombayn markaları üzrə keçirilir və may ayınadək davam edəcək.
“İki sahil” xəbər verir ki, təlimlərin keçirilməsinin əsas məqsədi cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil şəkildə həyata keçirilməsini təmin etmək, mexanizatorların kənd təsərrüfatı texnikalarını düzgün və səmərəli idarəetmə bacarıqlarını artırmaq, kombaynlara vaxtında və düzgün texniki xidmət göstərilməsi, istismar zamanı yarana biləcək nasazlıqların operativ şəkildə aradan qaldırılması, eləcə də təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı bilik və təcrübələrini gücləndirməkdir.
Təlim proqramı çərçivəsində Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında New Holland TC5.90 kombaynı üzrə nəzəri və praktiki təlim təşkil olunub. Təlim istehsalçı şirkətin nümayəndələri və “Aqroservis” ASC-nin mütəxəssisləri tərəfindən video materiallar və digər əyani vasitələrdən istifadə edilməklə interaktiv formada keçirilir. Bu yanaşma mexanizatorların mövzuları daha yaxşı mənimsəməsinə imkan yaradır.
Təlimdə istehsalçı şirkətin nümayəndəsi iştirak edərək mexanizatorlara New Holland texnikalarının istismar xüsusiyyətləri barədə ətraflı məlumat verib. Təlim zamanı kombaynın quruluşu, işləmə prinsipi, idarəetmə sistemi, texniki baxış qaydaları və mümkün nasazlıqların aradan qaldırılması üsulları izah olunub. Təlimdə Masallı, Biləsuvar, Qobustan, Ağcabədi və Sabirabad rayonlarından olan mexanizatorlar iştirak ediblər.
Eyni zamanda iştirakçılar üçün praktiki məşğələlər də təşkil olunub. Praktiki hissədə mexanizatorlara New Holland TC 5.90 kombaynının düzgün idarə olunması, gündəlik texniki baxışın aparılması, əsas aqreqat və mexanizmlərin iş prinsipi, eləcə də sahə şəraitində yarana biləcək texniki problemlərin aradan qaldırılması üsulları əyani şəkildə nümayiş etdirilib.
Təlim proqramını uğurla başa vuran və keçirilən imtahandan keçən mexanizatorlara sertifikat təqdim olunacaq. Qeyd edək ki, sertifikatı olmayan mexanizatorlarla “Aqroservis” ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanmayacaq.