13 mart 2026 21:46
141

YAP Bərdə rayon təşkilatının yaradılmasının 33-cü idönümü böyük təntənə ilə qeyd edildi

YAP Bərdə rayon təşkilatının yaradılmasının 33-cü idönümü böyük təntənə ilə qeyd edilib.

“İki sahil” xəbər verir ki, konfransdan əvvəl tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər.

Konfransdan öncə QRMİ Bərdə nümayəndəliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsinin təlimçi və benefisiarları tərəfindən hazırlanan əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Konfransda xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və dövlətimizin suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Konfransda YAP-ın keçdiyi şərəfli yolu özündə əks etdirən videoçarx izlənilib.

Konfransda YAP Bərdə rayon təşkilatının sədri Faqət xanım Şadlinskaya geniş məruzə ilə YAP Bərdə rayon təşkilatının çoxminli üzvlərini bayram münasibətilə təbrik edib, Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, onun rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının ətrafında xalqın birliyindən danışıb, bu gün də Müzəffər Lider cənab İlham Əliyevin Sədrliyində Yeni Azərbaycan Partiyasının məram və məqsədinin xalqın arzuları ilə eyni məcrada addım-addım reallığa çevrildiyini bildirib. Qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunması ilə böyük Qələbəni bizə bəxş edən xalq-iqtidar-ordu birlyinin möhkəmliyi nəticəsində dövlətimizin suverenliyi bərpa edilib. Sədr Faqət Şadlinskaya bildirib ki, bugün YAP rayon təşkilatı 13 mindən çox üzvü birləşdirir. Onlardan 6827 nəfəri qadın, 1386 nəfəri gəncdir. Sədr dövlət əhəmiyyətli tədbir və kompaniyalarda YAP Bərdə rayon təşkilatının bütün üzvlərinin rolundan danışaraq onlara təşəkkür edib.

Konfransda çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari YAP Bərdə rayon təşkilatının üzvlərini təbrik edib. O bildirib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosialyönümlü dövlət siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elnarə Ənsari həmçinin qeyd edib ki, rayonun ictimai-siyasi həyatında fəallığın artırılmasında, vətəndaş təşəbbüslərinin dəstəklənməsində və xüsusilə gənclərin cəmiyyət həyatında iştirakının təşviqində Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” filialı arasında da səmərəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq həm sosial həmrəyliyin möhkəmlənməsinə, həm də inklüziv dəyərlərin təşviqinə mühüm töhfə verir.

Konfransda çıxış edən YAP fəalları şəhid anası Mehparə Qəribova, YAP-ın ilk üzvlərindən rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Bərdə Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Vüsal Məmmədov, gənclər adından YAP fəalı, rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Kəmalə Rəfibəyli çıxış edərək böyük uğurlara, Qələbələrə imza atan YAP-ın üzvü olmaqdan qürur duyduqlarını bildiriblər.

Konfransda YAP fəallarından bir qrupuna rayon təşkilatının Fəxri fərmanları, yeni üzv olanlara üzvlük vəsiqələri, bir qrup yubilyara və gənc fəallara rayon təşkilatının qiymətli hədiyyələri və döş nişanları təqdim edilib.

Rəsmi hissənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirirlib.

Konfrans Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyinin təşkil etdiyi konsert poqramı ilə başa çatıb.