14 mart 2026 13:44
110

Qazaxıstanda yeni Konstitusiya referendumu – bu səsvermə niyə vacib hesab olunur?

Qazaxıstanda martın 15-də ümumxalq referendumu keçiriləcək. Prezident Kasım-Jomart Tokayev müvafiq Fərmanı fevralın 11-də imzalayıb. Səsverməyə yeni Konstitusiyanın qəbul edilməsi məsələsi çıxarılıb.

“İki sahil” xəbər verir ki, Qazaxıstanda keçiriləcək referendum Konstitusiya islahatlarının ən vacib mərhələlərindən biri hesab olunur.

Referenduma hansı məsələ çıxarılıb?

İnformasiya bülletenində “Layihəsi 2026-cı il fevralın 12-də mediada dərc olunmuş Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?” sualı veriləcək və iki cavab variantı təklif olunacaq: “Bəli, qəbul edirəm”; “Xeyr, qəbul etmirəm”.

Beləliklə, vətəndaşlar ayrı-ayrı düzəlişlərə deyil, yeni Konstitusiyanın bütün mətninə səs verəcəklər.

Yeni Konstitusiyanın layihəsi ictimai müzakirələr zamanı vətəndaşlar, siyasi partiyalar, ictimai təşkilatlar və ekspertlərdən daxil olan təkliflər nəzərə alınmaqla hazırlanıb.

Layihədə insan hüquq və azadlıqlarına xüsusi diqqət yetirilir, ölkənin suverenliyi, müstəqilliyi, unitarlığı və ərazi bütövlüyü isə fundamental və dəyişməz dəyərlər kimi müəyyən edilir.

Konstitusiya layihəsindəki əsas yeniliklər arasında 145 deputatdan ibarət və yenilənmiş, genişləndirilmiş səlahiyyətlərə malik yeni birpalatalı Parlamentin — Kurultayın yaradılmasını da qeyd etmək olar. Kurultay proporsional seçki sistemi ilə formalaşdırılacaq, deputatların səlahiyyət müddəti isə beş il olacaq.

Layihənin yeniliklərindən biri Vitse-prezident institutunun təsis edilməsi və milli dialoq üçün yeni platforma olan “Qazaxıstan Xalq Şurasının (Қазақстан Халық Кеңесі) yaradılmasıdır.

Səsvermə necə təşkil olunub?

Referendumda yaşı 18 və yuxarı olan və səs vermək hüququ olan Qazaxıstan vətəndaşları iştirak etmək hüququna malik olacaqlar.

Referendumun təşkili Mərkəzi Seçki Komissiyasına (MSK) həvalə olunub.

Seçki məntəqələri yerli vaxtla səhər saat 7:00-dan axşam saat 20:00-dək açıq olacaq.

Rəsmi məlumata görə, 15 mart səsverməsinin keçirilməsi üçün bütün seçki məntəqələri Qazaxıstanda və xaricdə fəaliyyətə tam hazırdır.

Ümumilikdə, ölkə daxilində 10 mindən çox referendum seçki məntəqəsi fəaliyyət göstərəcək. Bunlardan 9 min 779-u vətəndaşların qeydiyyat ünvanlarında, 622-si ölkə daxilində müvəqqəti qeydiyyat məntəqələrində, 71-i isə Qazaxıstanın 54 ölkədəki xarici nümayəndəliklərində yerləşəcək.

Referendum iştirakçılarının siyahılarına 12 milyon 461 min 796 vətəndaş daxil edilib.

Referendum Qazaxıstan üçün niyə vacibdir?

Politoloq Janat Momınkulovun AZƏRTAC-a bildirdiyinə görə, Qazaxıstanda keçirilən referendum qlobal geosiyasi qarışıqlıq və keçirilən islahatlar fonunda vətəndaşların iradəsinin birbaşa ifadəsi üçün vacib bir mexanizmdir. Bu mexanizm hakimiyyətə strateji qərarlar üçün ictimai dəstək qazanmağa imkan verir və vətəndaşları ölkənin gələcəyi ilə bağlı müzakirələrə cəlb edir.

Onun sözlərinə görə, referendum nəticələri islahatların davamlılığını gücləndirə və uzunmüddətli transformasiyalara dəstəyi genişləndirə bilər.

Səsvermədən sonra nə baş verəcək?

Səsvermə məntəqələri bağlandıqdan sonra səslərin sayılmasına başlanacaq. Referendumun nəticələri ilə bağlı rəsmi məlumat 2026-cı il martın 21-dən gec olmayaraq dərc olunacaq.

Qəbul edilərsə, yeni Konstitusiya 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək, həmin gün mövcud Konstitusiya qüvvədən düşəcək. Onun referendumla qəbul edildiyi gün dövlət bayramı - Konstitusiya Günü elan ediləcək.

Yeni Konstitusiyaya əsasən, 30 avqust 1995-ci il Konstitusiyasına uyğun olaraq formalaşdırılan Parlament 2026-cı il iyulun 1-dən səlahiyyətlərini dayandırır. Kurultaya seçkilər Prezident tərəfindən bir ay ərzində elan edilməli və Konstitusiyanın qüvvəyə minməsindən sonra iki ay ərzində keçirilməlidir.

Birinci çağırış Kurultayının birinci sessiyasının açılışından sonra iki ay ərzində Qazaxıstan Prezidenti Kurultayın razılığı ilə Vitse-prezident təyin etməlidir.

Konstitusiya Məhkəməsinin sədri və hakimləri birinci çağırış Kurultayın birinci sessiyasının açılışından iki ay ərzində təyin olunurlar.