XIII Qlobal Bakı Forumu çərçivəsində “Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusunda müzakirələr təşkil edilib.
“İki sahil” xəbər verir ki, panel iclasa Oksford Universitetində Süni İntellekti İdarəetmə Təşəbbüsünün baş məsləhətçisi Sam Davs moderatorluq edib.
İclasda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, Azərbaycan hökuməti süni intellekt, kibertəhlükəsizlik və biotexnologiya sahələrində innovasiyaları dəstəkləmək üçün çevik və davamlı idarəetmə modelini tətbiq edir.
Rəşad Nəbiyev vurğulayıb ki, Azərbaycanda rəqəmsal inkişaf strategiyası, kibertəhlükəsizlik və süni intellekt strategiyaları qəbul edilib, praktikada tətbiq olunur və əldə edilən təcrübədən öyrənilərək qanunvericilik bazası daim yenilənir.
Finlandiyanın keçmiş Baş naziri Mari Kivinieminin sözlərinə görə, süni intellekt insanın yaratdığı bir innovasiyadır və onun tərəfindən idarə olunmalıdır. Lakin bir çox insan bu məsələdən narahatdır. Avropa İttifaqı süni intellektin inkişafının düzgün istiqamətdə getməsi üçün qanunvericilik tədbirləri hazırlayıb. UNESCO və digər beynəlxalq təşkilatlar da bu sahədə mühüm rol oynayır. Eyni zamanda, BMT də süni intellektin idarə olunması ilə bağlı müəyyən yanaşmalar təqdim edib.
Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson diqqətə çatdırıb ki, hazırda süni intellekt əsasən özəl müəssisələrin əlinə keçib, amma, eyni zamanda, dövlətin icraedici qolunda da mövcuddur. Bu özəl şirkətlər hökumətlərə qarşı real məsuliyyət daşımırlar. O qeyd edib ki, özəl şirkətlərin hazırladıqları məhsullar bütün dünyada istifadə olunur. Amma məhsullar hazırlanarkən əsasən yerli mühitə uyğun inkişaf etdirilir və bəzən digər bölgələrin ehtiyacları nəzərə alınmır.
Monteneqronun sabiq müdafiə naziri Militsa Peyanoviç-Durişiç hazırda qlobal müzakirələrin mərkəzində ABŞ və Çin arasındakı strateji qarşıdurmaların dayandığını deyib. Bildirib ki, artıq bu rəqabətin fəsadları müşahidə edilir. İstehsal zəncirlərinin digər ölkələrə köçürülməsi və Çinin Avropadan asılılıq məsələləri bu prosesin əsas elementləridir. Militsa Peyanoviç-Durişiç müasir dövrdə innovasiya ekosistemlərinin rəqabətqabiliyyətliliyin qorunmasında həlledici rol oynadığını vurğulayıb. Onun fikrincə, texnoloji proseslərin mürəkkəbliyi elə bir həddə çatıb ki, istehsalın tam dövrəsini tək bir ölkədə cəmləşdirmək qeyri-mümkündür.
“Women Political Leaders” təşkilatının prezidenti və təsisçisi Silvana Koch-Meyrin süni intellektin idarə olunmasının mümkün olduğunu deyərək vurğulayıb ki, bunun üçün hökumətlər çevik və etibarlı tənzimləmə mexanizmləri qurmalıdır. O bildirib ki, Avropa İttifaqının Süni İntellekt Aktı süni intellektin qlobal idarəetmə standartı rolunu oynayır.
Tunisin keçmiş Baş naziri Mehdi Cumanın fikrincə, süni intellekt erkən xəbərdarlıq və böhranlara cavab mexanizmlərinin inkişafında mühüm əhəmiyyətə malikdir və bu baxımdan olduqca uğurludur. Qısa və dəqiq təhlil apararaq qısa müddət ərzində cavab əldə etmək böhranların daha operativ idarə olunmasına imkan yaradır.
Latviyanın keçmiş Prezidenti Eqils Levitsin sözlərinə görə, Avropa üçün rəqəmsal suverenlik qurmaq böyük strateji əhəmiyyət kəsb edir və texnologiya sahəsində asılılığı azaltmaq üçün ən güclü potensial məhz qitə səviyyəsindədir.
Özbəkistanın keçmiş xarici işlər naziri Vladimir Norov diqqətə çatdırıb ki, süni intellekt və təhlükəsizlik məsələləri ciddi şəkildə müzakirə olunmalıdır. Süni intellektin müdafiə sisteminin vacib hissəsinə çevrildiyini deyən Norov qeyd edib ki, bu səbəbdən mənalı insan nəzarəti prinsipi burada əsas tutulmalıdır.
“Satyarti” Qlobal Şəfqət Hərəkatı təşkilatının baş icraçı direktoru Asmita Satyarti isə diqqətə çatdırıb ki, statistikaya görə, gənclərin 88 faizi “ChatGPT” və bənzər süni intellekt vasitələrinə üstünlük verir. Bu da sosial təmasların zəifləməsinə, fərdlərin təcrid olunmasına və iş yerlərinin itirilməsinə yol açır. Bu proses artıq cəmiyyətin daxilinə nüfuz etmiş bir virus kimidir və qarşısı alınmazsa, daha böyük boşluqlar yarada bilər.
Panel iclası mövzu ətrafında müzakirələrlə davam edib.
Silvana Koch-Meyr: Süni intellektin idarəsi çevik və etibarlı tənzimləmə mexanizmləri tələb edir
Parlamentlərarası İttifaqın prezidenti: Süni intellektin insan hüquqlarına mənfi təsiri nəzərə alınmalıdır
Sabiq müdafiə naziri: Texnoloji qərarlar bundan sonra geosiyasətə daha sıx bağlı olacaq