17 mart 2026 11:41
109

Millinin baş məşqçisi: Ağırlıqqaldırmada möcüzə olmur, nəticəni qaldırılan çəki müəyyənləşdirir

Azərbaycan çempionatında ağır çəki dərəcələrində rəqabət nisbətən az olsa da, orta çəkilərdə gərgin mübarizə müşahidə olundu.

“İki sahil” xəbər verir ki, bunu ağırlıqqaldırma üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Sərdar Həsənov başa çatan ölkə çempionatını dəyərləndirərkən deyib.

O bildirib kiyarış gözlənildiyi kimi yüksək səviyyədə təşkil olundu: “Bütün iştirakçıların çıxışlarını diqqətlə izlədik. Bu idman növündə möcüzə olmur, nəticəni konkret olaraq qaldırılan çəki müəyyənləşdirir. Hətta qızıl medal qazanmaq da hər zaman əsas meyar deyil. İdmançının göstərdiyi nəticə və hazırlıq səviyyəsi onun beynəlxalq yarışlarda uğur qazanmaq potensialını müəyyən edir. Bu baxımdan, ümidverici nəticə göstərən idmançıları mütləq yığmaya cəlb edirik”.

Baş məşqçi qeyd edib ki, komandada perspektivli gənclər var və onların inkişafı üçün daha çox çalışmaq lazımdır: “Qarşıda bizi Avropa çempionatı gözləyir və hazırda əsas diqqət bu yarışa yönəlib. Eyni zamanda, bu ildən etibarən Olimpiya təsnifat mərhələsi başlayacağı üçün hazırlıq prosesimizi də buna uyğun qurmuşuq”.

Mütəxəssis, həmçinin vurğulayıb ki, əsas məqsədlərdən biri təmiz idman prinsiplərinə sadiq qalmaqdır: “Vaxtilə bu idman növü dopinq qalmaqalları səbəbindən geriləyib. Biz idmançıları bu kimi hallardan uzaq tutmağa çalışırıq. Federasiya rəhbərliyi bu məsələyə çox həssas yanaşır və nəzarət son dərəcə ciddidir”.

S. Həsənov komandanın qarşıdakı mötəbər yarışlarda uğurla çıxış edərək ölkəni layiqincə təmsil edəcəyinə inamını ifadə edib: “Bizə göstərilən etimadı doğrultmağa çalışacağıq”.

Qeyd edək ki, ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı martın 14-15-də Şüvəlan Ağırlıqqaldırma Mərkəzində keçirilib.