İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) EPAM ilə əməkdaşlıq çərçivəsində “İşə qəbul və öyrət" konsepti əsasında “Karyera Mükəmməlliyi” proqramına müraciətləri açıq elan edir. “İki sahil” xəbər verir ki, proqramın məqsədi Azərbaycanda İT sahəsində erkən karyera mərhələsində olan istedadları cəlb edərək onların əmək bazarında yüksək tələbat olan bacarıqlara yiyələnməsini təmin etməkdir.
“Karyera Mükəmməlliyi” proqramı “İşə qəbul və öyrət" konsepti əsasında həyata keçiriləcək. Bu konsept işə qəbul və təlim prosesini birləşdirən müasir yanaşmadır. Belə ki, bu yanaşma çərçivəsində iştirakçılar seçilərək işə qəbul olunur və onlar yalnız nəzəri biliklər əldə etmir, eyni zamanda real iş mühitində, gündəlik iş prosesinin bir hissəsi kimi praktik təcrübə qazanırlar. Proqramda qabaqcıl süni intellekt həllərinin tətbiqi ilə biznes analitika, proqram mühəndisliyi, mobil tərtibatçılıq və digər İT istiqamətlər üzrə karyera inkişafı imkanları təqdim olunur.
Proqram müddətində iştirakçılar EPAM komandasının üzvü kimi layihələr üzərində çalışır, təcrübəli sənaye ekspertlərinin dəstəyi ilə peşəkar bacarıqlarını inkişaf etdirəcəklər. Bu yanaşma öyrənmə və real iş təcrübəsini birləşdirərək iştirakçıların qlobal İT karyerasına daha sürətli inteqrasiyasını təmin edəcəkdir.
“Karyera Mükəmməlliyi” proqramı beş ay davam edəcək və müraciət üçün əsas şərtlər İT sahəsində 1 ildən artıq iş təcrübəsi, minimum B1 səviyyəsində ingilis dili biliyi və tam ştat olmaqla distant və ya Bakı şəhərində ofisdə işləmək imkanının olmasıdır.
Proqrama müraciətlərin qəbulu 31 mart 2026-cı il tarixinədək davam edəcək.
Müraciətlər üçün link: Discover Exciting Job Opportunities | EPAM Careers
Qeyd edək ki, İRİA “EPAM Azərbaycan” ilə 2025-ci ildən etibarən əməkdaşlıq etməkdədir. Bu əməkdaşlıq çərçivəsində “mygov Biznes” platformasının formalaşdırılması, həmçinin süni intellekt həllərinin yaradılması istiqamətində layihələr həyata keçirilməkdədir.