Bu gün Novruz bayramının gəlişini müjdələyən son çərşənbə – İlaxır çərşənbə qeyd olunur. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun təşkilatçılığı ilə Qoşa Qala qapıları qarşısındakı meydanda bayram proqramı keçirilib, qədim ənənələrə uyğun olaraq tonqal qalanıb.
“İki sahil” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, mədəniyyət xadimləri, paytaxt sakinləri və şəhərimizin qonaqları iştirak ediblər.
Bayram əhvali-ruhiyyəsi ilə müşayiət olunan proqramda milli musiqilər səsləndirilib, folklor nümunələri təqdim edilib.
Novruz bayramı baharın gəlişini, təbiətin yenidən oyanışını və xalqımızın birlik və həmrəylik ruhunu simvolizə edir. İnsanlar tonqalların ətrafında bir araya gələrək qədim adətləri yaşadır, həm milli dəyərləri qoruyur, həm də gələcəyə olan ümidlərini ifadə edirlər.