Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radionun bazasında 2 il əvvəl ASAN TV fəaliyyətə başlayıb.
“İki sahil” xəbər verir ki, dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk onlayn televiziya bu istiqamətdə işini uğurla davam etdirir.
Azərbaycanın ASAN brendinin bir sıra ölkələrə ixracı, “ASAN xidmət”in həm ölkəmizdə, həm xaricdə keçirilən mötəbər beynəlxalq tədbirlərdə iştirakı, bir sıra layihələrin reallaşdırılması haqqında məlumatlar ASAN TV-də geniş işıqlandırılır. Bundan əlavə, əsas məqsəd faydalı, maraqlı mövzuların, maliyyə, media savadlılığı və digər istiqamətlərdə məzmunun asan dildə izləyicilərə çatdırılmasıdır. ASAN TV-nin “Youtube”, “Instagram”, “TikTok” və digər sosial media hesablarında paylaşılan müxtəlif mövzular, istiqamətlər böyük auditoriya toplaya bilib. Səhifələrdə sosial, iqtisadi, mədəni, idman və s. mövzularda qısa, faydalı məlumatlar təqdim olunur.
Paylaşımlar 2 il ərzində bütün sosial media hesabları üzrə ümumilikdə 230 milyona yaxın baxış toplayıb.
Həm ASAN Radio, həm də ASAN TV süni intellektin inkişafına xüsusi diqqət yetirir. Elə yerli media məkanında ilk süni intellekt əsasında yaradılan aparıcı məhz ASAN TV-nin “əməkdaşı” ASANİYƏdir. O, innovasiya sahəsində yenilikləri izləyicilərə böyük maraqla çatdırır. ASAN TV və “Ədibin Evi”nin Vətən müharibəsində qazanılmış qələbəmizin 5 illiyi münasibətilə çəkdiyi “Zəfər rəqsi” bədii filmi böyük maraqla izlənib. ASAN TV bir sıra irimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv media tərəfdaşıdır. Dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq məmnunluqla davam etdirilir.