Naxçıvan Muxtar Respublikasında 18 Mart – Çanaqqala Zəfərinin 111-ci ildönümü münasibətilə tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Əhməd Vəliyev, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Əlahiddə Ümumqoşun Ordunun zabitləri, müəllimlər, ictimaiyyət və media nümayəndələri, Naxçıvanda təhsil alan türkiyəli tələbələr iştirak ediblər.
Mərasimdə Çanaqqala şəhidlərinin, eyni zamanda, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Sonra türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələri qoyulub, şəhidlərin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.
Anım tədbirində Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya və Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Xəzər Hüseynov çıxış edərək bildiriblər ki, şəhidlərin sarsılmaz Vətən sevgisi, türk xalqının, o cümlədən iki qardaş ölkənin birliyi və bərabərliyi ən böyük qürurumuz, zənginliyimiz və gücümüzdür. Qeyd edilib ki, tarixi qəhrəmanlıqlarla dolu olan türk milləti 111 il əvvəl Çanaqqalada böyük bir tarix yazıb və torpaqların işğalına heç vaxt razı olmayacağını dünyaya nümayiş etdirib.
Sonra Naxçıvan Dövlət Universitetində təhsil alan türk tələbə Böyük Zəfərə həsr olunmuş şeir söyləyib.
Tədbir iştirakçıları Şəhidlər xiyabanını da ziyarət ediblər. Torpaqlarımızın azadlığı naminə canlarını qurban vermiş qəhrəman oğullarımızın məzarlarına və Şəhidlər xiyabanının mərkəzində ucalan “Ana” heykəli qarşısına gül dəstələri düzülüb.