18 mart 2026 19:05
105

Olimpiada qalibləri ölkənin sosial-iqtisadi sahələrində mühüm yerlər tutmağa başlayıblar

Respublika Fənn Olimpiadaları (RFO) elm və təhsil nazirinin müvafiq əmri əsasında hər tədris ilində keçirilən, istedadlı şagirdlərin aşkar olunmasına, onların bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsinə, fənlərə marağın artırılmasına və sağlam rəqabət mühitinin formalaşdırılmasına xidmət edən sistemli elm yarışıdır. Olimpiadalar hazırda 8 fənn üzrə təşkil olunur və çoxpilləli model əsasında keçirilir. Bu mexanizm yalnız fərdi uğuru deyil, həm də ölkə üzrə istedadların erkən aşkarlanmasını, onların məqsədli şəkildə inkişaf trayektoriyasına yönləndirilməsini təmin edir.

Bu fikirləri Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) Xüsusi İstedadlı Uşaqlarla İşin Təşkili şöbəsinin müdiri Tural Alışov “İki sahil” qəzetinə müsahibəsində söyləyib.

 Tural Alışov qeyd edib ki, buna görə olimpiada platforması insan kapitalının inkişafında “seçim–dəstək–yönləndirmə” zəncirinin mühüm halqası kimi çıxış edir. Məsələn, son illərdə ölkənin bütün bölgələrinin prosesdə aktiv iştirakı, paytaxt məktəbliləri ilə yanaşı, müxtəlif bölgə məktəblilərinin uğurlu çıxışı, qaliblər arasında kənd məktəblərinin şagirdlərinin sayında artımın müşahidə olunması layihənin əsas məqsədlərindən birinə çatdığını göstərir. Əlavə olaraq, RFO qaliblərinin karyeralarını izlədikdə onların böyük əksəriyyətinin ali təhsillərində və iş həyatlarında da uğurlu fəaliyyət göstərdiklərini müşahidə edirik. Olimpiada qalibləri ölkənin sosial-iqtisadi sahələrində mühüm yerlər tutmağa başlayıblar.

Yaqut Ağaşahqızı, “İki sahil”