19 mart 2026 00:12
91

"QatarEnergy" şirkətinin müəssisəsinə İranın hücumlarında ciddi ziyan dəyib

Qətərin ən böyük sənaye mərkəzlərindən birinin, o cümlədən mayeləşdirilmiş təbii qaz (MTQ) istehsalı kompleksinin yerləşdiyi Ras-Laffan regionunda İranın hücumlarından sonra böyük yanğın baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə əmirliyin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"İranın hücumu nəticəsində Ras-Laffan rayonunda yanğın baş verib", - məlumatda bildirilib.

Daha sonra Qətərin milli neft-qaz şirkəti "Qatar Energy" öz müəssisəsinə "əhəmiyyətli ziyan" dəydiyini bildirib.

"Əhəmiyyətli ziyan dəydiyindən baş vermiş yanğınların lokallaşdırılması üçün dərhal təcili reaksiya qrupları göndərilib. Bütün personal qeydə alınıb, hazırda tələfat barədə məlumat yoxdur", - şirkətdən qeyd edilib.

Daha əvvəl İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf bildirib ki, İranın qaz infrastrukturuna endirilən zərbələr regionda münaqişənin yeni mərhələsinin başlanğıcı olub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.