Bütün İslam dünyası “on bir ayın Sultanı” mübarək Ramazan ayının son gününü yaşayır. Ramazan ayının orucunu tutmaq hər bir insanın həyatında dönüş nöqtəsinə çevrilir. İnsanın ruhu və cismi üçün son dərəcə böyük əhəmiyyəti olan orucluq mənəviyyata müsbət təsir göstərən İlahi gücə malikdir. Fitir bayramı Ramazan ayının ən gözəl anlarından, İslam dinində özünəməxsus yer tutan bayramlardan biridir. Günahların bağışlandığı, duaların qəbul olunduğu “11 ayın Sultanı” olan Ramazan ayı fitrə zəkatı kimi vacib əməllə başa çatır. Maddi baxımdan imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir.
Sumqayıt Cümə məscidinin imamı, ilahiyyatçı Hacı Gülağa İsmayılov mövzu ilə bağlı “İki sahil”in suallarını cavablandırır.
- Oxucularımıza fitrə sözünün mənasını izah etməyinizi istərdik…
Fitrə zəkatı (zəkatul-fitr) Ramazan ayının başa çatması ilə (Şəvval ayının hilalının görünməsi ilə) vacib olan mali ibadətdir ki, insan özündən və onun himayəsində olan şəxslərdən ötrü müəyyən miqdarda malı fəqirlərə verməlidir. “Fitr” kəlməsi “orucu açmaq” “orucu başa vurmaq” mənasına gəlir. Həmçinin “fitr” sözü ərəbcədən fitrətə qayıdış anlamına gəlir. Yəni, bir ay boyunca sübh azanından şam azanına kimi ilahi məhdudiyyətlərlə əhatələnən müsəlman öz fitri yaradılışında olan yemək içmək və s. halına qayıdır.
Fitrə zəkatı odur ki, insan Ramazan bayramı gecəsi özünün və onun çörəyini yeyən şəxslərin hər biri üçün bir “sa” (təqribən 3 kq) əsas qida məhsulundan və ya onun pul dəyərindən fəqirə versin. Orucun nöqsanlarını tamamlayan bir ibadətdir. Bədəni və ruhu paklayan bir zəkatdır. Cəmiyyət daxilində yoxsulların ehtiyacını ödəmək üçün bir vasitədir. Hədislərdə qeyd olunur ki, fitrə verilməzsə, orucun qəbul olunması təhlükə altına düşə bilər.
- Zəkat sözünün mənası nədir? Fitrə zəkatla eyni əhəmiyyətə malikdirmi?
- Zəkat sözünün lüğəti mənası ərəb dilində aşağıdakı mənalara gəlir:
Təmizlik və paklıq, artım və çoxalma, bərəkət və inkişaf. Yəni bir şeyin zəkatını vermək: Onu həm mənəvi cəhətdən təmizləyir, həm də bərəkətini artırır.
Terminoloji mənası belə tərif olunur: “Zəkat - müəyyən şərtlərə malik olan malın, təyin olunmuş hissəsini Allahın əmri ilə müəyyən yerlərə sərf etməkdir. İnsan öz malından Allahın buyurduğu payı çıxarıb haqq sahiblərinə verir.”
Zəkatın fəlsəfəsinə gəlincə, malı, mülkü haram və şübhədən təmizləyir, insanın qəlbini xəsislikdən qoruyur, cəmiyyətdə sosial ədaləti təmin edir, malın bərəkətini artırır.
- Kimlərə fitrə vermək vacib deyil?
- İnsan gərək fitrə zəkatını qürbət məqsədilə, yəni Allah-təalanın əmrini yerinə yetirmək və bəndəçilik məqsədilə versin və onu verən zaman fitrə vermək niyyətini etsin. Fitr bayramı axşamı qürub vaxtı aşağıdakı şərtlərə cavab verən mükəlləfə özünün və ürfən onun çörək yeyəni hesab edilən şəxslərin fitrə zəkatını verməsi vacibdir.
1) həddi-buluğa çatmış olmalıdır;
2) aqil olmalıdır;
3) huşsuz olmamalıdır;
4) yoxsul olmamalıdır;
5) qul olmamalıdır.
Fitrə yalnız Şəvval ayının 1-nin gecəsi (bayram gecəsi) vacib olur. Həmin anda şərtlərə malik deyilsə, fitrə vacib deyil.
Ailədə fitrə vermək ailə başçısına (məsul şəxsə) vacibdir. O öz fitrəsini, həyat yoldaşının, uşaqlarının, onun süfrəsində olan hər kəsin fitrəsini verməlidir.
- Fitrə zəkatı nə vaxt verilməlidir?
Ramazan bayramı gecəsi (Şəvval ayının 1-nin gecəsi) verilməlidir. Ən yaxşı vaxt, bayram namazından əvvəl verilməsidir. Əgər bayram namazı qılmırsa günorta (zöhr) vaxtına qədər verməlidir.
- Kimlərə fitrə vermək olar?
- Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və ailəsinin xərclərini təmin edəcək bir gəliri də olmayan bir şəxs fəqir hesab olunur. O şəxsin fitrə zəkatı verməsi vacib deyil. Əksinə həmin şəxsə fitrə zəkatı verilməlidir.
- Fitrə zəkatı nələrdən verilməlidir?
Fitrə əsasən buğda, arpa, düyü, xurma, kişmiş kimi ərzaqlardan verilir. Miqdarı isə hər nəfər üçün təxminən 3 kq olmalıdır. Alternativ olaraq ərzağın dəyəri qədər pul şəklində də verilə bilər.
2026-cı il üçün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən verilən rəsmi fətvaya əsasən, fitrə zəkatının məbləği adambaşına təxminən 10 – 15 manat tövsiyə olunub. Bu məbləğ təxminən 3 kq əsas ərzağın (buğda, düyü və s.) dəyərinə əsaslanır. Məbləğ dəqiq sabit deyil, insanın seçdiyi qida növünə görə dəyişə bilər. Yəni minimum daha az ola bilər (ucuz qida ilə götürülərsə) imkanlı şəxslər daha çox da verə bilər.
- Fitrə zəkatının bank kartları vastitəsilə ödənilməsi icazəlidirmi?
- Keçmişdə bank əməliyyatları mövcud olmadığı və ya geniş yayılmadığı üçün bu cür məsələlər gündəmə gəlmirdi. Lakin son zamanlar virtual ödəniş əməliyyatları geniş vüsət qazandığı üçün fitrə zəkatının da bu yolla verilməsinin caiz olub-olmaması barədə müzakirələr aparılır. Bəzi İslam hüquq alimlərinə görə, fitrə zəkatını fəqir şəxsin bank kartına köçürmək icazəlidir. Bu zaman diqqət edilməlidir ki, köçürülən pul bayram axşamı məğrib zamanı ayrılan puldan başqa pul olmasın. Yəni, insan məğrib zamanı fitrə zəkatı niyyəti ilə müəyyən məbləğ pulu ayırıb kənara qoysa, sonra kartında olan puldan fəqirə göndərsə, düzgün sayılmaz. Virtual yolla pulu fəqirə çatdırmaq istəyirsə, gərək kənara qoyduğu pulu öz kartına köçürsün, sonra kartdan-karta fəqirə yollasın, ya da məğrib zamanı kartındakı puldan müəyyən məbləğ ayırmağı niyyət etsin və onu fəqirin hesabına yollasın.
Eyni mövzu ilə əlaqədar məsələyə digər İslam hüququ alimləri fitrə zəkatı üçün birbaşa bu cür virtual əməliyyatları icazəli bilmirlər. Çıxış yolu budur ki, ya insan özü fəqir şəxsdən vəkillik (yəni onun səlahiyyətli nümayəndəsi olmaq) icazəsi alsın, öz pulunu fəqirin vəkili olaraq qəbul etsin və sonra həmin pulu fəqirin kartına yollasın. Ya da pulu əvvəlcədən əmanət olaraq (fitrə niyyəti ilə deyil) fəqirin kartına köçürsün, fəqir də pulu onun adından kartdan çıxartsın və fitrə kimi özünə götürsün; yəni insan gərək pulu fəqirə göndərən zaman əmanət niyyəti etsin.
Orxan Vahidoğlu, “İki sahil”