21 mart 2026 13:31
104

İraqın kəşfiyyat qərargahına dronlarla hücum edilib

İraq paytaxtı Bağdada edilən dron hücumları zamanı ölkənin Milli Kəşfiyyat Xidmətinin qərargahı pilotsuz uçuş aparatının zərbəsinə məruz qalıb.

“İki sahil”in Al Arabiya-ya istinadən xəbər verdiyinə görə, PUA-lardan biri kəşfiyyat idarəsinin yerləşdiyi Əl-Mənsur rayonundakı binaya zərbə endirib.

Məlumatı həmçinin İraq Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin rəhbəri general Saad Maan təsdiqləyib.

"Bu gün səhər saat 10:15-də Bağdadın Mənsur rayonundakı İraq Milli Kəşfiyyat Xidmətinin qərargahı pilotsuz uçuş aparatının zərbəsinə məruz qalıb. Daha ətraflı məlumat sonradan veriləcək", – o bildirib.

Daha bir pilotsuz uçuş aparatı eyni rayondakı Mərakeş səfirliyi yaxınlığında vurulub. Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat daxil olmayıb.

Üçüncü PUA xarici diplomatlar arasında populyar olan özəl idman klubuna çırpılıb.