21 mart 2026 22:30
114

"Axios": ABŞ kəşfiyyatı İranda tezliklə hakimiyyət dəyişikliyinin olacağına inanmır

ABŞ kəşfiyyat idarələrinin rəhbərləri konqres üzvlərinə bildiriblər ki, İrana qarşı aparılan hərbi əməliyyata baxmayaraq, İslam Respublikasında hakimiyyət dəyişikliyinin əlamətləri qeydə alınmayıb.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" portalı yazıb.

Onların məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff və ABŞ Müharibə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Adams martın 19-da Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsinin iclasının mətbuat üçün qapalı hissəsində çıxış ediblər. Onların qiymətləndirməsinə görə, İrandakı hakimiyyət idarəetmə və nəzarət sahəsində ciddi böhran yaşayır, lakin dəyişikliyin qaçılmaz olacağına dair hər hansı bir sübut yoxdur.

Portalın məlumatına görə, Vaşinqton administrasiyası hazırda İran rəhbərliyində həlledici rol oynayan şəxslərin müəyyən edilməsi istiqamətində işini davam etdirir. Xüsusilə Amerika nümayəndələri İranın yeni ali rəhbəri Müctəba Xamenei haqqında, o cümlədən onun səhhəti barədə əlavə məlumat əldə etməyə çalışırlar.

Daha əvvəl ABŞ kəşfiyyatının konqresə təqdim etdiyi analitik qiymətləndirmələrdə Birləşmiş Ştatların və İsrailin birgə hərbi əməliyyatına baxmayaraq, İranda hakimiyyətin möhkəmliyinin qorunub saxlanıldığını göstərilib. Milli kəşfiyyat direktoru Tulsi Qabbard qeyd edib ki, mövcud məlumatlara görə, İrandakı hakimiyyət "Epik qəzəb" əməliyyatı nəticəsində əhəmiyyətli dərəcədə zəifləsə də, bütöv olaraq qalmaqdadır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.