22 mart 2026 19:14
87

Səbirə Abdullayeva: Bu, sadəcə bir mükafat deyil

19–21 mart tarixlərində Polşanın Qdansk şəhərində keçirilən Avropa Tennis Assosiasiyasının (Avropa Tennis) Ümumi İllik İclasında Azərbaycan Tennis Federasiyasının icraçı direktoru Səbirə Abdullayeva iştirak edib. “İki sahil” xəbər verir ki, hər il olduğu kimi, bu il də Beynəlxalq Tennis Federasiyası (ITF) Avropa Tennisə üzv olan ölkələri tennis sahəsində gördüyü işlərə görə mükafatlandırılıb. Bu dəfə Azərbaycan, Türkiyə və Malta  da tennisin inkişafında göstərdiyi gözəçarpan irəliləyişlərə görə mükafata layiq görülüb.
Səbirə Abdullayeva: “Bu uğur bizim və əlimizdən gələnin ən yaxşısını etməyə çalışan hər kəsin zəhmətinin nəticəsidir. Məlum məsələdir ki, tennis sahəsində gördüyümüz işlər Beynəlxalq Tennis Federasiyasının gözündən yayınmayıb. Buna görə də beynəlxalq federasiya Azərbaycanın bu sahədə göstərdiyi səy və zəhməti layiqincə qiymətləndirib.
Bildiyiniz kimi, Avropa Tennis Assosiasiyasının ötən il keçirdiyi Ümumi İllik İclasında “uzun müddət göstərdiyim xidmətə görə” mükafata layiq görülmüşdüm. Lakin bu gün Azərbaycanın adına təqdim olunan mükafatı qəbul edərkən qəlbimdə doğan qürur, sevinc və məsuliyyət hissləri sözlərin ifadə imkanlarını aşır. Bu, sadəcə bir mükafat deyil — bu, Vətənimizin adını daşımağın verdiyi ən ali duyğunun təntənəsidir.”