24 mart 2026 09:37
123

Kim Çen In: Şimali Koreyanın nüvə silahından imtina etməməsi düzgün qərardır

Şimali Koreya lideri Kim Çen In ölkəsinin nüvə silahından imtina etməmək qərarının düzgün olduğunu bəyan edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə 15-ci çağırış Ali Xalq Məclisinin iclasında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, “düşmən qüvvələr” Pxenyana nüvə silahından imtina etməyi tövsiyə etsələr də, mövcud reallıq ölkənin bu istiqamətdə seçdiyi strategiyanın düzgünlüyünü göstərir. Onun sözlərinə görə, Şimali Koreya təhlükəsizliyi təmin etmək və sülhü qorumaq üçün “bəyanatlarla deyil, güc yolu ilə” yeni mərhələyə qədəm qoyub.

Kim Çen In vurğulayıb ki, ölkə rəhbərliyi “imperialist qüvvələrin dəyişməz təbiətini” vaxtında anlayaraq gələcək təhlükələrə qarşı real müdafiə qabiliyyəti formalaşdırıb. O, ABŞ və müttəfiqlərinin Koreya yarımadası ətrafında strateji nüvə silahları yerləşdirdiyini iddia edərək, buna baxmayaraq Şimali Koreyanın yüksək döyüş hazırlığını qoruduğunu bildirib.

Onun sözlərinə görə, nüvə “qalxanı” ölkədə iqtisadi və mədəni inkişafı da stimullaşdırıb. O qeyd edib ki, son beş ildə iqtisadiyyatın əsas sektorlarına investisiyalar 2,4 dəfə, prioritet sahələrə yönəldilən vəsait isə səkkiz dəfədən çox artıb.

Sonda o bildirib ki, təhlükəsizliyin təmin olunmasına yönəlmiş bu strategiya dövlət quruculuğunun bütün sahələrində müsbət təsir yaradıb və nüvəsizləşdirmə olmadan inkişafın mümkün olmadığını iddia edən yanaşmaların əsassız olduğunu göstərib.