24 mart 2026 10:20
121

ABŞ “TotalEnergies” şirkətinə təzminat ödəyəcək

Donald Tramp administrasiyası Fransanın "TotalEnergies" şirkətinə ABŞ-nin şərq sahillərində planlaşdırılan dəniz külək elektrik stansiyası layihələrindən imtina etməsi üçün təxminən 1 milyard dollar ödəməyə razılaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

ABŞ-nin Daxili İşlər Nazirliyi bildirib ki, əvvəlki administrasiya dövründə əldə edilmiş lisenziyalar üçün şirkətin xərclədiyi 928 milyon dollar geri ödəniləcək. Bu layihələr Nyu-York və Şimali Karolina sahilləri yaxınlığında planlaşdırılmışdı.

Əvəzində “TotalEnergies” eyni həcmdə investisiyanı ABŞ-də neft və təbii qaz hasilatına yönəldəcək. Bu, Texas ştatındakı “Rio Grande LNG” layihəsində iştirak və Meksika körfəzində, həmçinin şist yataqlarında hasilatın artırılmasını əhatə edir. Rəsmilər bu addımı daha etibarlı hesab etdikləri enerji mənbələrinə keçid kimi qiymətləndirirlər.