24 mart 2026 16:07
90

“Günay” uşaq teatr studiyası “Salam, Novruz!” adlı bayram tədbirləri keçirib

Larisa Tarusovanın rəhbərliyi ilə Bakı Uşaq və Gənclər Teatrının “Günay” uşaq teatr studiyası “Salam, Novruz!” adlı bayram tədbirləri keçirib.

“İki sahil” xəbər verir ki, Üzeyir Hacıbəylinin ev-muzeyində böyük bayram konserti keçirilib. Daha sonra Rus Mədəniyyət Mərkəzində daun sindromlu uşaqlar, 3 nömrəli Uşaq Evinin yetirmələri və aztəminatlı ailələrdən olan uşaqlar üçün bayram tədbiri keçirilib. Onları bir araya gətirməkdə Nazirlər Kabinetinin əməkdaşı Aytən Xudaverdiyevanın köməyi olub. Mərkəzin direktoru Qalina Manafova hər kəsi bayram münasibətlə təbrik edib və bu uşaqları Rus Mədəniyyət Mərkəzində bundan sonra da görmək arzusunu bildirib.

Larisa Tarusova qeyd edib ki, o və rəhbərlik etdiyi kollektiv bundan sonra da bu uşaqlar üçün işləmək istəyirlər. “Çox şadam ki, mənim yetirmələrim bu uşaqlarla görüşə və onlara səmimi qayğı və dəstək göstərə bilər. Hesab edirəm ki, bu, uşaqların tərbiyəsi, onlara mərhəmət, şəfqət və empatiya anlayışlarını aşılamaq üçün çox vacibdir. Biz fəal şəkildə vətənpərvərlik tərbiyəsi ilə məşğuluq - milli ruhu yüksəldən tamaşalar səhnələşdiririk, milli klassik əsərləri ifa edirik, lakin mənəvi tərbiyə - insanın daxili aləminin, əxlaqi keyfiyyətlərinin, dəyərlər sisteminin və davranış normalarının formalaşdırılması prosesi də çox, çox vacibdir”, - deyə L.Tarusova qeyd edib.