Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Belarusun aparıcı qiymətləndirmə qurumları arasında beynəlxalq əməkdaşlığın yeni mərhələsinə start verilib. AQC İdarə Heyətinin sədri Vüqar Orucun Belarusa işgüzar səfəri çərçivəsində Belarus Qiymətləndirmə Təşkilatları Assosiasiyasının (CED) sədri, tanınmış ekspert Svetlana Petrovna Yuryenya ilə mühüm görüşü baş tutub.
“İki sahil” xəbər verir ki, görüş zamanı tərəflər iki ölkənin qiymətləndirmə bazarlarındakı mövcud vəziyyəti təhlil edərək, peşə standartlarının unifikasiyası və rəqabətədavamlı xidmət mühitinin formalaşdırılması istiqamətində təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar. Svetlana Yuryenya Avrasiya İqtisadi İttifaqı (EAEİ) çərçivəsində vahid qiymətləndirmə bazarının yaradılması prosesindəki təcrübəsini bölüşərək, Azərbaycanlı həmkarları ilə bu istiqamətdə birgə fəaliyyətin hər iki tərəf üçün strateji əhəmiyyət kəsb etdiyini qeyd edib.
Müzakirələrin məntiqi davamı olaraq, 2024-cü ildə AQC ilə CED arasında imzalanmış ikitərəfli əməkdaşlıq memorandumunun müddəalarından irəli gələn praktiki addımlar nəzərdən keçirilib.
Səfər çərçivəsində AQC rəhbərliyi 2026-cı ilin iyun ayında Minsk şəhərində keçirilməsi planlaşdırılan nüfuzlu beynəlxalq qiymətləndirmə forumuna rəsmən dəvət olunub.
Qeyd edək ki, Svetlana Petrovna Yuryenya Belarusun Sahibkarlığın İnkişafı Şurasının üzvü və Qiymətləndirmə Təşkilatları Assosiasiyasının rəhbəridir. O, peşəkar fəaliyyəti boyunca ölkəsində qiymətləndirmə standartlarının işlənib hazırlanmasında və ictimai-siyasi proseslərdə aktiv iştirakı ilə seçilib.