Bölgədə güclü leysan yağışlarından sonra Dağıstanı su basıb, güclü su axınları avtomobilləri yuyub aparır.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Ən ağır vəziyyət Mahaçqalada müşahidə olunur – şəhərdə 20-yə yaxın ev su altında qalıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar elektrik enerjisi kəsilib, 60 mindən çox insan işıqsız qalıb.
Dərbənddə yerli çaylar daşması nəticəsində yolları su basıb. Təbii fəlakət nəticəsində Xasavyurtda dəmir yolu körpüsü dağılıb. Bütün fövqəladə xidmətlər yüksək hazırlıq rejiminə keçirilib, kommunal xidmət işçiləri artıq daşqının fəsadlarının aradan qaldırılması üzərində işləyir.
"Rosseti Severnıy Kavkaz" SC-nin filialı olan "Daqenerqo" şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, Mahaçqalada güclü yağışlar səbəbindən üç yarımstansiya su altında qalıb.
"Əlverişsiz hava şəraiti nəticəsində Dağıstanın 16 rayonunda və Mahaçqala şəhərində elektrik təchizatı qismən məhdudlaşdırılıb", - məlumatda deyilir. Daha əvvəl verilən məlumata görə, elektrik ötürücü xətlərində qısaqapanmalar səbəbindən Dağıstanın səkkiz rayonunun 132 kəndində elektrik enerjisi kəsilib.