28 mart 2026 17:01
111

Yaponiya vətəndaşlılığı əldə etmək çətinləşir

Yaponiya hökuməti əcnəbilərə vətəndaşlıq verilməsi qaydalarını şərtləşdirməyi, vətəndaşlıq üçün tələb olunan minimum dami yaşayış müddətini 5 ildən 10 ilə qaldrımağı qərara alıb.

“İki sahil” Yaponiya mediasına istinadla xəbər verir ki, yeni qaydalar aprelin 1-dən qüvvəyə minəcək.

Bu ölkənin ədliyyə naziri Hiraquçi Hiroşi jurnalistlərə bildirib ki, yeni qaydalar hökumətin və hakim siyasi blokun uzun müddət davam edən müzakirələrindən sonra qəbul olunub. O, dəyişikliklərin Yaponiyada vətəndaşlıq almağın daimi yaşayış icazəsi almaqdan asan olması kimi problemlə bağlı olduğunu deyib. Nazir, həmçinin hökumətin yeni qaydalara əsasən hər bir hal üçün ayrıca ciddi yoxlamalar aparmağa davam edəcəyini söyləyib.

Bildirilir ki, yeni qaydalara əsasən vətəndaşlıq əldə etmək istəyən namizədlərin yaxşı davranışlarını və dolanışıqlarını təmin etmək qabiliyyətlərini təsdiqləmək üçün vergi ödəyib-ödəmədiklərini yoxlama müddəti də uzadılacaq. Bundan başqa, vətəndaşlıq almaq istəyən əcnəbilər Yaponiya cəmiyyətinə yaxşı inteqrasiya etməlidirlər.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin məlumatına əsasən 2024-cü ildə 8 min 863, ötən il 9 min 258 nəfərə Yaponiya vətəndaşlığı verilib. Müraciət edən və vətəndaşlıq əldə edənlərin əksəriyyəti çinli və koreyalılardır.

Digər məlumata görə, Yaponiyada yaşayan xarici vətəndaşların sayı rekord həddə çataraq 4 milyonu keçib. İmmiqrasiya Xidmətləri Agentliyi ötən ilin sonunda ölkdə 4 milyon 125 min xarici vətəndaşın olduğunu, bu rəqəmin əvvəlki illə müqayisədə 356 min nəfər artdığını açıqlayıb. Siyahıya çinlilər (930 min nəfər) başçılır edir. Sonrakı yerləri vyetnamlılar (681min) və koreyalılar (407 min) tutur. Yaponiya yerli əhalinin rədd etdiyi aşağı maaşlı və əmək tələb edən sahələrə işçi qüvvəsini təmin etmək üçün əcnəbilərdən istifadə edir.