28 mart 2026 21:54
113

Londonda son illərin ən böyük etiraz aksiyası keçirilib

Şənbə günü minlərlə etirazçı Londonun mərkəzindəki küçələrə çıxaraq "İfrat sağçıları dayandırmaq üçün yürüş" aksiyasında iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, iştirakçıların çoxu "Brexit"in əsas tərəfdarlarından biri olan Naycel Farajla əlaqəli olan sağçı "Reform UK" partiyasına qarşı çıxış ediblər. Sorğulara əsasən, bu partiya hazırda dəstək səviyyəsinə görə liderlik edir.

Həmkarlar ittifaqları və vətəndaş cəmiyyəti qruplarının dəstəklədiyi "Together Alliance" tərəfindən təşkil olunan nümayiş son illərdə Britaniya paytaxtında keçirilən ən böyük aksiyalardan biri olub. Polis nümayəndəsinin sözlərinə görə, aksiyada təxminən 30 min nəfərin iştirakı gözlənilirdi.

Bəzi etirazçılar "Reform UK" partiyasına və onun antiimmiqrant mövqeyinə qarşı plakatlarla yanaşı, İran bayraqları, eləcə də Fələstinə dəstək transparantlar daşıyıblar. Yürüşün Britaniya parlamenti binasının yaxınlığına qədər davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ictimai rəy sorğularına görə, "Reform UK" Baş nazir Kir Starmerin Leyboristlər Partiyasını, eləcə də digər ənənəvi Britaniya partiyalarını qabaqlayır. Şənbə günü keçirilən aksiyada leyboristlərə qarşı olan Yaşıllar Partiyasının lideri Zak Polanski də iştirak edib.