Bütün dövrlərdə investisiya qoyuluşu davamlı və dinamik tərəqqinin əsasını təşkil edir. Potensial imkanların dövriyyəyə cəlb edilməsi, istehsalın genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, infrastrukturun inkişafı, insan kapitalının gücləndirilməsi və s. bütün bunlar investisiya qoyuluşu əsasında əldə edilir. Ümumilikdə, investisiyalar həm makroiqtisadi, həm də mikroiqtisadi səviyyədə iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən biridir. Azərbaycan investisiya cəlbediciliyi baxımından dünyanın ən təhlükəsiz ölkələrindən biridir. İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən bu günlərdə açıqlanan “Global Terrorism Index 2026” hesabatı da bunu bir daha təsdiq edir. Hesabata görə, ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələrə Pakistan (8.574), Burkina Faso (8.324), Niger (7.816) aid edilir. 2025-ci ilin hesabatına əsasən, terror təhlükəsi üzrə 90-cı reytinq mövqeyində olan Azərbaycan 2026-cı ildə üç pillə yüksələrək 93-cü yerdə qərarlaşıb. Bu isə o deməkdir ki, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri Azərbaycan Respublikasıdır.
“İki sahil” xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədov bildirib ki, terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanan indeks Azərbaycanın sülhpərvər, stabil və tolerant bir ölkə olduğunu bir daha təsdiq edir. Azərbaycan hökumətinin balanslı siyasətinin bariz nəticəsi olan bu indeks həm də Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və digər beynəlxalq təşkilatlar üçün istinad mənbəyi kimi çıxış edir. Bu isə ölkəmizin investisiya cəlbediciliyini təşviq edir, xüsusilə xarici investorların və beynəlxalq maliyyə təşkilatlarının Azərbaycana marağını daha da artırır.
30 il ərzində erməni vandalizminə məruz qalmış və nəhayət 44 günlük Vətən müharibəsi ilə azad edilmiş ərazilərin bərpasının, bu ərazilərdəki potensial imkanların təsərrüfat dövriyyəsinə cəlb edilməsinin prioritetlik kəsb etdiyi bir zamanda Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələrindən biri elan edilməsi olduqca əhəmiyyətlidir. Bütün dövrlərdə hər bir ölkə davamlı və rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq üçün investisiyaların cəlb edilməsinə və səmərəli istifadəsinə xüsusi diqqət yetirməlidir. Bu yalnız iqtisadi artımı deyil, həm də uzunmüddətli sosial və texnoloji inkişafı təmin edən əsas amildir. XIII Qlobal Bakı Forumunda dövlət başçısının da qeyd etdiyi kimi: “...təhlükəsizlik, sabitlik məsələləri hər hansı bir ölkənin gündəliyində heç vaxt olmadığı qədər bir nömrəli məsələ kimi qalmalıdır. Çünki bu olmadan bütün başqa səylər mənasızdır”.
Aqil Əsədov əlavə edib ki, regionda cərəyan edən proseslərdən, eləcə də beynəlxalq təşkilatların hesabatlarından da göründüyü kimi, dini, siyasi, milli və s. baxımdan olduqca həssas regionda yerləşsə də, düşünülmüş, balanslı daxili və xarici siyasət nəticəsində Azərbaycan bir sabitlik adasına çevrilib. Avropanın mühüm nəqliyyat-tranzit qovşağı olan Azərbaycan həm də dünyanın enerji təhlükəsizliyində aparıcı və etibarlı bir tərəfdaşdır. Ən təhlükəsiz ölkələrdən biri olmaq, həm də Azərbaycanın iştirakı ilə reallaşan beynəlxalq layihələrin önəmini daha da artırır, ölkəmizin nəqliyyat-tranzit imkanlarını güclü şəkildə təşviq edir. Azərbaycanın zəngin bərpa olunan enerji resursları, yeraltı və yerüstü sərvətləri investisiya qoyuluşları üçün uzunmüddətli perspektivlər vəd edir ki, sabitlik və təhlükəsizlik reytinqi bunu daha da gücləndirir.
Bank əməkdaşları Qiymətləndiricilər Palatasına üzv ola bilər – AQC sədrindən TƏKLİF
Məcnun Məmmədov Macarıstanın Azərbaycandakı səfiri və TDT-nin Budapeştdəki Nümayəndəliyinin icraçı direktoru ilə görüşüb
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətini genişləndirmək istəyənlərin diqqətinə