01 aprel 2026 19:09
130

Sənayeləşmə siyasətində mühüm rol oynayan strateji mexanizm - Sənaye parkları

Son illər ölkəmizdə həyata keçirilən tədbirlər, görülən işlər sahibkarlığın, bütövlükdə iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun ən mühüm sahələrindən olan sənayenin inkişafına əlavə stimul verib. Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş Dövlət proqramlarının uğurlu icrası nəticəsində mövcud istehsal sahələrinin genişləndirilməsi və yeni sahələrin yaradılması, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, sənaye parkları və zonalarının yaradılması istiqamətində mühüm addımlar atılıb.

Ölkə başçısının sərəncamları ilə Sumqayıt, Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı, Naxçıvan, Hacıqabul Sənaye parklarının yaradılması  innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafına, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılmasına və bu sahədə sahibkarlığın dəstəklənməsinə, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsinə, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılmasına, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun təmin olunmasına böyük töhfələr verir.

Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Bölgədə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir.

Sumqayıt, Hacıqabul, Mingəçevir, Qaradağ, Pirallahı, Balaxanı, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında 143 sahibkarlıq subyekti rezident kimi, 13 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Bunlardan 83-ü artıq fəaliyyətə başlayıb. 

Hazırda sənayeləşmə siyasətinə uyğun olaraq innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə sənaye parkları və sənaye zonalarının yaradılması davam etdirilir. Prezident İlham Əliyevin aprelin 1-də imzaladığı Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam bunun əyani təsdiqidir. Sərəncama əsasən, Daşkəsən və Gədəbəy rayonlarında filiz emalı müəssisələrinin yenilənməsi, habelə işğaldan azad edilmiş ərazilərdə perspektivli yataqların istismara verilməsi dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin istehsal və ixrac imkanlarını genişləndirib. Bununla yanaşı, Qərb Sənaye Parkının yaradılması dəmir filizi ehtiyatlarının emalını genişləndirməyə və metallurgiya sənayesində dəyər zəncirini dərinləşdirməyə imkan yaradır.

Qeyd olunur ki, mövcud mineral-xammal bazasından səmərəli istifadə, hasilat və emal mərhələləri arasında istehsal əlaqələrinin gücləndirilməsi, infrastruktur və logistika qərarlarının uzlaşdırılması, eləcə də dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir: “Qlobal iqtisadiyyatda gedən enerji keçidi və yüksək texnologiyaların inkişafı fonunda metallara tələbatın yüksəlməsi bu sahənin strateji əhəmiyyətini daha da artırır. Azərbaycan Respublikasının zəngin mineral ehtiyatları, rəqabətqabiliyyətli enerji təminatı, sənaye təşviqi mexanizmləri və Orta Dəhliz üzərində yerləşməsi əlaqəli sənaye sahələrinin də dayanıqlı inkişafı üçün əlverişli şərait yaradır”.

Bütün bunların fonunda əminliklə demək olar ki, Azərbaycanın müxtəlif bölgələrində sənaye parklarının yaradılması respublikamızda  həyata keçirilən sənayeləşmə siyasətinin uğurla reallaşdırılmasına, iqtisadiyyatın davamlı inkişafının təmin edilməsinə, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin təmin olunmasına, ixracqabiliyyətli qeyri-neft məhsullarının istehsalının artırılmasına, ölkəmizə valyuta axınının güclənməsinə,  yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluq və həyat səviyyəsinin yüksəlməsinə böyük töhfələr verəcək. 

Zahid Rza, “İki sahil"