03 aprel 2026 00:36
94

2026-cı ilin ilk iqtisadi uğurları və hədəfləri…

Artımlar daha çox hansı sahələri əhatə edir?

Artıq 2026-cı ilin 3 ayı geridə qalıb. Bu ilin aylarında Azərbaycanda iqtisadiyyatın bir çox sahələrinin inkişafı diqqətçəkəcək qədərdir. Bəs cari ilk aylarında iqtisadiyyatın hansı sahələrində artım qeydə alınıb?

İşsizlikdən sığorta üzrə daxilolmalar 29,9 milyon manatı ötüb

2026-cı ilin yanvar-fevral aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 37,3 milyon manata yaxın təşkil edib. Yəni,  proqnozdan əlavə 1,5 milyon manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 29,9 milyon manatı ötüb.

Vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz artıb

2026-cı ilin mart ayının 1-nə respublika üzrə uçotda olan 1.690.311 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,7 faiz, hüquqi şəxslərin sayı isə 6,3 faiz artıb.

NKA-lar vasitəsilə dövriyyə 4 milyard 553,1 milyon manata çatıb

2026-cı ilin yanvar-fevral aylarında yeni nəsil nəzarət kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 4 milyard 553,1 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 635,8 milyon manat, yaxud 16,2 faiz çoxdur.

İki ay ərzində İTS haqları üzrə daxilolmaların həcmi 163,3 milyon manatdan çox olub

2026-cı ilin yanvar-fevral aylarında icbari tibbi sığorta (İTS) haqları üzrə daxilolmaların həcmi 163,3 milyon manatdan çox olub, proqnozdan əlavə 5,5 milyon manatdan artıq vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 115,7 milyon manata yaxın olub.

Yanvar-fevral aylarında istehlakçılara qaytarılmış ƏDV həcmi 34 milyon 926,2 min manatdır

Yanvar-fevral ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 34 milyon 926,2 min manat olub.

1163 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib

2026-cı ilin fevral ayında 1.163 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 91,1 faizi yerli investisiyalı, 8,9 faizi isə xarici investisiyalıdır. Kommersiya qurumlarının 88 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar-fevral aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,4 faiz təşkil edib.

Elçin Zaman, «İki sahil»