Bu gün DOST Konsepsiyasının televiziya həlli olan DOST TV-nin 2 yaşı tamam olur.
“İki sahil” xəbər verir ki, 2024-cü ilin 2 aprelində ölkəmizdə ilk sosial və inklüziv televiziya nümunəsi kimi fəaliyyətə başlayan DOST TV ölkə vətəndaşının maraq dairəsində olan sosial mövzularda maraqlı verilişləri ilə media məkanında yerini, mövqeyini, nüfuzunu daim gücləndirib. Hər iş günü “Youtube” kanalı olaraq canlı yayımlanan bu TV ölkənin sosial həyatının telemənzərəsini təqdim edir və əmək, məşğulluq, sosial müdafiə sahələrində ardıcıl islahatlar, yenilikər, sosial hüquqlar barədə ictimai məlumatlandırmaya dəyərli töhfəsini verir.
DOST TV “DOST Xəbər”, “DOST qapısı”, “Sosial saat”, “Qayğı”, “Ekspert rəyi”, “İş saatı”, “Mənim hekayəm”, “Rəqəmsal saat”, “Xidmətinizdəyik”, “Birlikdə öyrənək”, “Onlayn müfəttiş”, “Dayaq nöqtəsi”, “DOST podcast” və s. kimi verilişləri, müxtəlif qurumlarla birgə telelayihələri ilə izləyicilərinin maraq və rəğbətini qazana bilib.
Əlilliyi olan şəxlər və digər həssas qruplarla bağlı “Surdo-İnfo”, “İnklüziv cəmiyyət üçün birlikdə öyrənək!”, “Həssas məqamlar”, “Mənim hekayəm” kimi layihələri, surdotərcümə ilə təqdim etdiyi film və tamaşaları isə DOST TV-nin mediada inklüziv dəyərlərin geniş təbliğinə, inklüziv cəmiyyətin inkişafına dəstək məramını ehtiva edir.
Sosial sahə ilə bağlı mühüm tədbirlərin canlı yayımını da həyata keçirən DOST TV həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının, vətəndaş cəmiyyəti institutlarının, ekspertlərin aktual sosial mövzularda diskussiya və müzakirə platformasıdır.
O həm də izləyiciləri üçün “DOST qapısı”dır - bu adla təqdim etdiyi veriliş boyu izləyicilərinin müraciətlərini birbaşa cavablandırır (ötən dövrdə 800-dək vətəndaş müraciəti), göndərdikləri videomüraciətlərdə əksini tapan sosial məsələləri araşdıraraq, həllinə dəstək olur.
İzləyici auditoriyası daim genişlənən, sosial mediada ümumi baxış sayı 15 milyonu ötən DOST TV-yə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
Reabilitasiya mərkəzlərində autizm sindromlu əlilliyi olan şəxslər də xidmətlərlə təmin edilir
Polşa Azərbaycanlıları Şurası Akademik Zərifə Əliyevaadına təqaüd proqramına start verir