03 aprel 2026 01:58
92

İqtisadiyyatın yeni güc mərkəzi formalaşır

Politoloq: Prezident İlham Əliyevin dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamı perspektivdə ölkəmizin iqtisadi dayanıqlığını və beynəlxalq mövqeyini gücləndirən strateji addımdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı imzalanan yeni Sərəncam ölkənin iqtisadi siyasətində növbəti mühüm mərhələ kimi qiymətləndirilə bilər. Bu sənəd təkcə konkret bir sahənin inkişafını nəzərdə tutmur, eyni zamanda, Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasında sənayeləşmə, ixracın şaxələndirilməsi və regionların inkişafı kimi prioritet istiqamətlərin daha sistemli şəkildə həyata keçirilməsinə xidmət edir.

Son illərdə ölkədə aparılan məqsədyönlü islahatlar nəticəsində dağ-mədən sənayesində əhəmiyyətli institusional və texnoloji baza formalaşıb. Xüsusilə "AzerGold" QSC vasitəsilə qızıl, gümüş və digər nəcib metalların sənaye üsulu ilə hasilatının təşkili bu sahənin inkişafında dönüş nöqtəsi hesab edilir. Bu proses yalnız xammal hasilatı ilə məhdudlaşmayıb, paralel olaraq müasir emal müəssisələrinin yaradılması və texnoloji zəncirin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. Nəticə etibarilə, Azərbaycan artıq tədricən xammal ixracatçısından daha yüksək əlavə dəyər yaradan məhsullar istehsal edən sənaye ölkəsinə transformasiya mərhələsinə daxil olur.

Daşkəsən və Gədəbəy kimi ənənəvi sənaye rayonlarında filiz emalı müəssisələrinin yenilənməsi, həmçinin işğaldan azad edilmiş ərazilərdə yeni yataqların istismara hazırlanması bu sahənin coğrafiyasını və iqtisadi təsir imkanlarını genişləndirir.

Sərəncamda diqqət çəkən əsas məqamlardan biri dəyər zəncirinin dərinləşdirilməsi məsələsidir. Yəni, məqsəd yalnız filizin çıxarılması deyil, onun son məhsula qədər emal olunaraq həm daxili bazara, həm də ixrac üçün hazır vəziyyətə gətirilməsidir.

Digər mühüm məqam isə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsidir. Bu baxımdan yeni Sərəncamın investisiya mühitinin yaxşılaşdırılması, risklərin bölüşdürülməsi və biznes subyektlərinin bu sahəyə marağının artırılması baxımından da mühüm nəticələr verəcəyi gözlənilir.

Regionlar önə çıxır

Politoloq Yusif Bağırzadə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, sözügedən Sərəncam dağ‑mədən və metallurgiya sənayesinin inkişafına dair strateji bir addım kimi qiymətləndirilə bilər: “Bu qərar yalnız sənaye sahəsinin gücləndirilməsi deyil, həm də ölkə iqtisadiyyatının diversifikasiyası və regionların sosial-iqtisadi inkişafı baxımından önəmli perspektivlər açır. Bu Sərəncamın icrası Azərbaycanın sənaye potensialını artıracaq. Xammalın hasilatı ilə məhdudlaşmaq əvəzinə, metallurgiya sahəsində emal müəssisələrinin gücləndirilməsi, dəyər zəncirinin genişləndirilməsi və modern texnologiyaların tətbiqi yüksək əlavə dəyər yaradan məhsulların istehsalına imkan verir. Bu, ixracın strukturunu dəyişdirərək neft‑qazdan asılılığı azaltmaq və rəqabətqabiliyyətli sənaye məhsulları ilə beynəlxalq bazarda iştirak imkanını artırmaq deməkdir".

Politoloq qeyd etdi ki, regionlarda sosial-iqtisadi inkişafın sürətlənməsi üçün də yeni imkanlar yaranır: “Metallurgiya və dağ‑mədən sənayesi əsasən müəyyən coğrafi zonalarda cəmləşir və Sərəncamın icrası bu zonalarda iş yerlərinin açılmasını, infrastrukturun modernləşdirilməsini və yerli icmaların iqtisadi fəallığının artmasını təmin edəcək. Bu, həm regionlarda işsizlik probleminin azaldılmasına, həm də sosial sabitliyin güclənməsinə xidmət edir.

Bu Sərəncam dövlət‑özəl tərəfdaşlığının təşviqi və investisiyaların artırılması, sənayenin daha çevik və rəqabətqabiliyyətli olmasına da şərait yaradır. Xarici investorların cəlb edilməsi yalnız maliyyə imkanlarını genişləndirmir, həm də beynəlxalq standartlar və texnologiyaların tətbiqinə yol açır. Bu isə ölkənin sənaye mühitini modernləşdirir və innovativ yanaşmaları təşviq edir”.

Məqsəd ölkənin qlobal metal bazarındakı mövqeyini gücləndirməkdir

Y. Bağırzadə diqqətə çatdırdı ki, Sərəncamın strateji əhəmiyyəti Azərbaycanın qlobal metal bazarındakı mövqeyini gücləndirməkdir: “Xüsusilə alüminium, mis, qızıl və digər sənaye metalları üçün qlobal tələbatın artması, ölkəyə ixrac gəlirlərinin artırılması və beynəlxalq əməkdaşlıqların genişlənməsi üçün əlverişli şərait yaradır. Bu, həmçinin enerji və sənaye sektorları arasında sinerji yaradır, resurslardan səmərəli istifadəni təmin edir.

Nəticədə, dağ‑mədən və metallurgiya sektorunun inkişafı Azərbaycanın uzunmüddətli sənaye və iqtisadi strategiyasına xidmət edir. Bu, həm ölkənin iqtisadiyyatını dayanıqlı və diversifikasiya edilmiş formaya gətirir, həm də regionlarda sosial-iqtisadi dinamizmin yüksəlməsini təmin edir. Eyni zamanda, Sərəncamın icrası dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirir, beynəlxalq investisiya və texnologiya axını üçün əlverişli mühit yaradır.

Beləliklə, cənab Prezidentin Sərəncamı yalnız sənaye sahəsinin gücləndirilməsi ilə kifayətlənmir, bu, ölkənin uzunmüddətli iqtisadi dayanıqlığını, regionların sosial-iqtisadi inkişafını və beynəlxalq rəqabətqabiliyyətini artırmaq baxımından strateji addımdır”.

Nigar Orucova, "İki sahil"