Yaponiya, Böyük Britaniya və İtaliya nümayəndələri ən müasir qırıcı təyyarələrin birgə hazırlanması və istehsalı üzrə ilk üçtərəfli müqaviləni imzalayıblar.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Üçtərəfli Qlobal Döyüş Aviasiyası Proqramı (Global Combat Air Programme — GCAP) 2022-ci ildə başladılıb. 900 milyon dollar dəyərində müqavilə layihənin podratçısı olan "Edgewing" şirkəti ilə imzalanıb. "Edgewing" proqram çərçivəsində layihələndirmə və mühəndis işləri ilə məşğul olan üçtərəfli birgə müəssisədir.
GCAP proqramı çərçivəsində Böyük Britaniya, İtaliya və Yaponiya hazırkı bütün müasir modelləri üstələyəcək xüsusiyyətlərə malik qırıcı təyyarələr hazırlamağı planlaşdırır. Yeni təyyarələrin, xüsusilə pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə imkanlarının daha yüksək olacağı bildirilir.
Layihəyə əsasən, yeni nəsil qırıcıların ilk tədarükünün 2035-ci ildə həyata keçirilməsi nəzərdə tutulur.