03 aprel 2026 15:53
135

Çoxsaylı subasma hadisələri baş vermiş Şabran rayonunda fermerlərlə görüş keçirilib

Son günlər Azərbaycanın müxtəlif bölgələrində güclü yağışlar nəticəsində çoxsaylı sel-subasma hadisələri qeydə alınıb. Bu hallardan ən çox zərər çəkən bölgələrdən biri də Şabran rayonudur.

“İki sahil” xəbər verir ki, belə halların təsərrüfatlara təsiri, əkin sahələrinin aqrar sığorta vasitəsilə qorunması və fermerlərin maarifləndirilməsi məqsədilə aprelin 2-də Aqrar Sığorta Fondu və Şabran Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon fermerləri və təsərrüfat sahibləri ilə görüş keçirilib.

Görüşdə Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Natavan Mustafayeva rayonun kənd təsərrüfatı imkanları barədə məlumat verib. O bildirib ki, rayonda ümumi ərazisi 17 min hektardan artıq olan əkin sahələrinin böyük hissəsi – təqribən 12 min hektarı arpa və bağ əkinlərinin payına düşür. Bundan başqa, Şabranda gilas, nektarin, şaftalı, fındıq, üzüm və alma bağları var.

N. Mustafayeva son günlər rayona yağan güclü yağışlar, baş verən daşqın hallarının təsərrüfatlara təsiri və onların aradan qaldırılması üçün görülən işlər barədə məlumat verib. N. Mustafayeva bildirib ki, rayon rəhbərliyi tərəfindən əkinlər üçün risklərin qarşısının alınması ilə bağlı qərarlar qəbul edilib. Eyni zamanda, rayon rəhbərliyi yerli fermerləri belə risklərdən qorunmaq üçün əkin sahələrini hökmən sığortalamağa çağırıb.

Tədbirdə iştirak edən Aqrar Sığorta Fondu İdarə Heyətinin üzvü Roman Əmircanov aqrar sığorta mexanizmi və Fondun fəaliyyəti barədə məlumat verib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalayır. Fermerlərə dəstək məqsədilə sığorta haqqının yarısını dövlət ödəyir, nəticədə cüzi məbləğlə təsərrüfatları və əkin sahələrini sığortalamaq mümkündür. R. Əmircanov bildirib ki, son günlər yağan güclü yağışlar səbəbindən ölkənin bir sıra bölgələrindən Aqrar Sığorta Fonduna zərər müraciətləri daxil olmaqdadır. Müraciətlər Xaçmaz, Şabran, Quba, Qusar, Siyəzən, Şamaxı, Ağsu, Qobustan, Ağcabədi və sair rayonlardan daxil olur. Bildirilib ki, hər bir müraciət qeydə alınır, hadisənin araşdırılması və dəymiş zərərlərin hesablanması üçün ərazilərə aqrar sığorta ekspertləri göndərilir.

İdarə Heyətinin üzvü bildirib ki, indiyədək Şabran rayonunda baş vermiş hadisələr və əkin sahələrinə dəymiş zərərlər üzrə 99 min manat sığorta ödənişi həyata keçirilib. Sığorta ödənişləri buğda və arpa sahələri, eləcə də badam bağlarında dolu, sel-subasma, şaxtavurma, üçüncü şəxsin hərəkəti, vəhşi heyvanların hücumu və yanğın halları üzrə edilib.

Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Arzu Hüseynov rayonda 3500 fermerin fəaliyyət göstərdiyini, iqlim şəraitinin mürəkkəb olduğunu, təbiət hadisələrinin tez-tez baş verdiyini xatırladaraq bu hallardan qorunmaq üçün aqrar sığortadan istifadənin vacibliyini qeyd edib. DAİM rəhbəri fermerləri xüsusilə 10 hektardan kiçik olan əraziləri risklərə qarşı sığortalamağa çağırıb. A. Hüseynov rayondakı heyvanların da sığortalanması üçün identifikasiya prosesinin sürətlənməsinin vacibliyini qeyd edib.

Tədbirdə Aqrar Sığorta Fondunun məhsulları ilə bağlı geniş təqdimat edilib. Bildirilib ki, aqrar sığorta ilə 41 növ bitkini, eləcə də iri və xırda buynuzlu heyvanları sığortalamaq mümkündür. Ölkənin regionlarından asılı olaraq dəyişən sığorta haqları Şabran rayonunda olduqca aşağıdır. Belə ki, 1000 manatlıq məhsulu olan 1 hektar buğda sahəsini sığorta etmək cəmi 6,65 manata, arpa sahəsinin sığortalanması 8,05 manata başa gəlir. Aqrar sığorta mexanizmi vasitəsilə heyvanların sığortası da olduqca sərfəlidir – 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçi) sığortalanması cəmi 7 manata, 1000 manatlıq inəyin sığortası isə cəmi 24 manata başa gəlir.

Aqrar sığorta ilə bağlı məlumatlar Şabran rayonundan olan fermerlərin böyük marağına səbəb olub, onlar Aqrar Sığorta Fondunun əməkdaşlarına çoxsaylı suallar ünvanlayıb və həmin suallar ətraflı cavablandırılıb. Tədbirdə üzləşdikləri zərərə görə aqrar sığorta ödənişi almış fermerlər Fondun fəaliyyətindən məmnunluqlarını bildiriblər.

Tədbirdən sonra Aqrar Sığorta Fondunun nümayəndələri Şabran rayonunun Udulu kəndində güclü yağışlar nəticəsində sel-subasma hadisəsi baş vermiş arpa-bağda əkini sahəsinə gedərək vəziyyətlə tanış olublar. Əkin sahəsi sığortalı olduğuna görə, buraya aqrar sığorta ekspertləri göndəriləcək və zərər qiymətləndiriləcək.

Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini dövlətin dəstəyindən faydalanmağa və əkin sahələrini vaxtında sığortalamağa çağırır.  Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.