04 aprel 2026 01:48
89

Sağlamlıq turizmi - Bu sahədə hədəflərimiz nədən ibarətdir?

Hazırda müasir turizmin önəmli sahələrindən biri də sağlamlıq turizmidir. Azərbaycan da bu sahədə potensial imkanlara malikdir. Təsadüfi deyil ki, sirli Naftalan neftindən tutmuş, Naxçıvanın duz mağaraları, Kəlbəcərin «İstisu» mineral suları kimi özünəməxsus həyat qaynaqları minlərlə insan üçün əsl şəfa ocağıdır. Sağlamlıq turizminin iqtisadi baxımdan əhəmiyyəti ondan ibarətdir ki, bu sahə mövsümi xarakter daşımır, ilin bütün günlərinə bölünür və digər turizm növlərindən fərqli olaraq burada gecələmə sayı daha çoxdur. Ölkəmiz xüsusilə təbii müalicə üsulları olan  balneologiya və reabilitasiya sahələrini ön plana çıxarmaqla bu seqmentdəki unikal potensialından maksimum yararlanmaqdadır.

Bəs balneologiya nədir? Bu tibbi termin latınca müalicəvi mineral sularda çimmək anlamını verir. Eyni zamanda, mineral suların  mənşəyini, fiziki-kimyəvi xassələrini, müxtəlif xəstəliklər zamanı orqanizmə təsirini öyrənir. Bir sözlə, bu, kurortlarda və kurortdankənar şəraitdə onların tətbiqinə dair göstərişləri işləyib hazırlayan kurortologiya bölməsidir.

Mütəxəssislərin fikrincə, ölkəmizdə dünyada bənzəri olmayan, nadir bioloji aktivlik dərəcəsinə malik müalicəvi Naftalan nefti mövcuddur. Eyni zamanda, «Qalaaltı» mineral suyunun faydaları bir çox göstəricilərinə görə məşhur «Karlovi Varı»nı geridə qoyur. Bundan başqa,  Naxçıvandakı  «Duzdağı» mağaraları speleoterapiya üçün əvəzsiz bir məkan hesab edilir. Qeyd edək ki, speleoterapiya duz otağında oturma prosedurudur ki, bu prosedur zamanı insan çox xırda duz hissəcikləri ilə zəngin olan hava ilə nəfəs alır. Bu, orqanizmə ümumi möhkəmləndirici təsir göstərir və tənəffüs orqanları xəstəliklərindən sonra profilaktika və reabilitasiya məqsədləri üçün aktiv istifadə olunur. Duz otağının atmosferi burun və burun boşluqlarının selikli qişalarının vəziyyətinin yaxşılaşmasına kömək edir. Bu prosedur tütün çəkməyi atmış və tənəffüs sisteminin bərpa edilməsinə ehtiyac duyan insanlara tövsiyə olunur. Relaksasiya və sakitləşdirici təsir göstərərək, stressin öhdəsindən gəlməyə və yuxunu normallaşdırmağa kömək edir. Bu metod xüsusilə LOR xəstəlikləri, tez-tez baş verən soyuqdəymələr və ümumi tənəffüs problemləri zamanı effektivdir. Həmçinin speleoterapiya sinir pozuntuları, həyəcan və stress səbəbi ilə yuxu problemləri olan insanlara tövsiyə olunur.

Turizm üzrə mütəxəssislərin iddialarna görə. əgər bu turizm sahəsi Azərbaycanda  daha da müasirləşsə və genişlənsə ildə ölkəmizə 300 milyon dollarlıq valyuta axını yarada bilərik. İndi Azərbaycanda sağlamlıq turizminin ümumi daxili məhsuldakı payı aşağı olsa da qarşıdakı hədəf  bu sahədən gələn gəlirlərin iqtisadiyyatdakı çəkisini əhəmiyyətli dərəcədə artırmaqdır.  Belə ki, dövlət səviyyəsində turizmin diversifikasiyası vacib istiqamət kimi qəbul edilib və kurort zonalarının gələcək inkişaf planlanmasında bəzi amillər ciddi şəkildə nəzərə alınıb. Hətta bəzi Dövlət proqramlarında sağlamlıq turizminnin inkişafına da xüsusi diqqət yetirilib.

Xüsusilə işğaldan azad edilmiş ərazilərdə dağ-iqlim reabilitasiya mərkəzlərinin, termal-SPA komplekslərinin və ekoloji sağlamlıq kurortlarının yaradılması yaxın gələcəyin  hədəfidir. Ekspertlər bu layihələrin tam reallaşması nəticəsində ölkəyə illik 300 milyon ABŞ dolları civarında əlavə valyuta axınının daxil olacağının proqnozlaşdırlar.

Ən başlıcası isə Qarabağ və Şərqi Zəngəzur da sağlamlıq turizmində öz yerini tutmağa başlayacaq. Yəni, yaxın gələcəkdə Azərbaycanın sağlamlıq turizminin qlobal miqyasda məşhurlaşması üçün beynəlxalq akkreditasiyaların artırılması, güclü marketinq strategiyasının tətbiqi və yüksək xidmət göstərən premium kurort zonalarının yaradılması strateji əhəmiyyət kəsb edir. Xüsusilə  Kəlbəcərdəki «İstisu»yun xarici turistlərin böyük marağına səbəb olacaqdır. Artıq Azərbacan dövləti «İstisu» kurort zonasının yaradalması istiqamətində böyük layihələr həyata keçirir.

Elçin Zaman, «İki sahil»