04 aprel 2026 13:33
123

İsveçdə iqlim gündəliyi ətrafında gərginlik artır

İsveçdə iqlim siyasəti ilə bağlı müzakirələr bu ölkənin iqlim və ətraf mühit naziri vəzifəsini icra edən Yohan Britzin İqlim Şurasının tənqidlərini rədd etməsindən sonra güclənir.

“İki sahil” xəbər verir ki, müstəqil ekspert qurumu əvvəllər mövcud siyasətlərin yetərli olmadığını və ölkənin 2030-2045-ci illər üçün milli və Avropa iqlim hədəflərinə çatmamaq riski daşıdığını bildirmişdi.

Şuraya görə, bir çox əsas qərar təxirə salınıb, emissiyalar isə artmaqda davam edir və bu, potensial olaraq, Aİ-dən milyardlarla dollarlıq cərimələrə səbəb ola bilər. Buna baxmayaraq, hökumət məqsədlərə çatmağın mümkün olduğunda israr edir, iqtisadi amilləri və ictimai rəyi nəzərə almağın vacibliyini vurğulayır.

“Şura inflyasiya böhranları və ya müharibələr kimi amilləri nəzərə almır”, - deyə nazir vəzifəsini icra edən Britz bildirib.

Vəziyyət parlamentdə də reaksiya doğurub. Yohan Britz hökumətin növbəti addımlarını müəyyən etmək üçün qanunverici orqanın iclasına çağırılıb.

“Bu hökumət vəzifəyə başlayandan bəri İqlim Şurasının hesabatlarında pisləşmə müşahidə edirik. Nə yaz büdcəsində, nə də büdcə planlarında hələlik ciddi investisiyaların əlamətləri yoxdur”, -deyə parlamentin ətraf mühit komitəsinin sədri Emma Noren bildirib.

Politoloqlar qeyd edirlər ki, bu cür hallar daha geniş tendensiyanın bir hissəsidir: hökumət ekspert qurumlarının və agentliklərin tövsiyələrini getdikcə daha çox qulaqardına vurur. Onlar hesab edirlər ki, bu, zəif qərar qəbuletmə və resurslardan səmərəsiz istifadəyə səbəb ola bilər.

“Əgər hökumət alternativ baxışları nəzərdən keçirmək istəmirsə, araşdırma və ekspert məsləhətlərinə niyə ehtiyac duyulduğu sual altındadır”, - deyə politoloq Höran Sundström qeyd edib.

Ekspertlərin fikrincə, İsveçin iqlim siyasəti getdikcə elmi məsləhətlərlə ziddiyyət təşkil edir və bu, iqlim məqsədlərinə çatmamaq riskini artırır.