06 aprel 2026 15:54
123

2026-cı ilin birinci rübündə 29,9 milyon manat ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun olaraq, Fond 2026-cı ilin birinci rübündə də əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirib.

“İki sahil” xəbər verir ki, 2026-cı ilin yanvar-mart aylarında Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 29,9 milyon manat məbləğində 353 ipoteka krediti, o cümlədən, 12,2 milyon manat məbləğində 115 adi ipoteka krediti və 17,7  milyon manat məbləğində 238  güzəştli ipoteka krediti verilib. Ümumilikdə, 2006-cı ildən bəri Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 3,8 milyard manata çatıb ki, bu da 57 mindən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan verib.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 01 aprel 2026-cı il tarixinə Fond tərəfindən 140,8 milyon manat məbləğində 1497 ipoteka krediti üzrə zəmanət verilib.

Qeyd edək ki, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22 faizə yaxını isə regionların payına düşüb.