Aprelin 7-də Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) İqtisadi əməkdaşlıq komissiyasının “TÜRKPA üzvü olan dövlətlərin birgə iqtisadi fəaliyyətinin həyata keçirilməsinin reallıq və perspektivləri” mövzusunda 13-cü iclası keçirilib.
“İki sahil” xəbər verir ki, Qazaxıstan Parlamenti Məclisinin üzvü, TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədri Anas Bakkojayev türk dövlətlərinin dünya iqtisadiyyatındakı payı, eləcə də qarşılıqlı ticarət dövriyyəsinin həcmi barədə danışıb. O vurğulayıb ki, türk dövlətləri arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişləndirilməsi, daxili ticarətin artırılması iqtisadi diversifikasiyanın təmin olunmasına, ümumi iqtisadi potensialın daha səmərəli reallaşdırılmasına xidmət edir.
Sonra Milli Məclisinin komitə sədri Fazil Mustafa çıxış edib. O, Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikrinə istinad edərək bildirib ki, TÜRKPA çərçivəsində birliyin davamlılığının mühüm şərtlərindən biri də güclü iqtisadi əsasların formalaşdırılmasıdır. Komitə sədri vurğulayıb ki, türk dövlətləri arasında iqtisadi inteqrasiya prosesi müasir dövrün çağırışıdır. Bu baxımdan, TURKPA çərçivəsində parlamentlərarası əməkdaşlıq iqtisadi inteqrasiyanın normativ-hüquqi və institusional bazasını gücləndirmək üçün mühüm rol oynayır.
Fazil Mustafa Azərbaycanın türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsini prioritetdə saxladığını deyib və bugünkü iclasın uzunmüddətli əməkdaşlığın praktik mexanizmlərinin müzakirəsi baxımından səmərəli olacağına inamını bildirib.
Milli Məclisin deputatı Ağalar Vəliyev çıxışında TÜRKPA-ya üzv dövlətlər arasında mövcud iqtisadi layihələrin, o cümlədən birgə müəssisələr və investisiya təşəbbüslərinin, eləcə də azad iqtisadi zonaların imkanlarının daha geniş araşdırılmasının və bu əsasda perspektivli əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət TÜRKPA çərçivəsində çoxşaxəli iqtisadi əlaqələrin genişlənməsinə, ticarət münasibətlərinin stimullaşdırılmasına və qarşılıqlı investisiyaların təşviqinə əlverişli şərait yaradır. Bildirilib ki, Milli Məclis tərəfindən bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə məqsədyönlü və ardıcıl iş aparılır.
Sonra TÜRKPA İqtisadi əməkdaşlıq komissiyasının sədr müavini, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Bekmurza Ergeşov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Mahmut Rıdvan Nazırlı, Cemal Enginyurt, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma, Şimali Kiprin Bakıdakı nümayəndəsi Ufuk Turganer, TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatı Katibliyinin departament direktoru İsrail Tilegen çıxış ediblər. Onlar TÜRKPA çərçivəsində ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlığın konseptual əsaslarının müəyyənləşdirilməsi, eləcə də səmərəli əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Daha sonra Anas Bakkojayev iclasın əsas mövzu üzrə hazırlanmış tövsiyə qərarının layihəsini, komissiya sədrinin müavini Bekmurza Ergeşov hesabat məruzəsinin layihəsini, komissiyanın katibi Baurjan Datkayev “Birgə müəssisələr haqqında” model qanun layihəsini müzakirəyə təqdim ediblər. Komissiya üzvləri hesabat məruzəsini, tövsiyə qərarını və model qanun layihəsini təsdiqləyiblər.
İclasda Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin Mülki hüquq qanunvericiliyi sektorunun müdiri Azər Səmədov Azərbaycan tərəfinin təşəbbüsü ilə hazırlanan və komissiyanın gələn iclasında baxılması nəzərdə tutulan “Ağıllı şəhər və kənd haqqında” model qanunun layihəsi barədə məlumat verib.
Sonda komissiyanın növbəti iclasının gündəliyi, mövzusu və tarixi müəyyənləşdirilib.
Talassemiyalı xəstələrin həyat keyfiyyətini artırmaq üçün hansı addımlar tətbiq olunur?
Talassemiyalı xəstələrin həyat keyfiyyətini artırmaq üçün hansı addımlar tətbiq olunur?
İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib