08 aprel 2026 00:34
109

Trend arxasındakı risklər

Sosial media təsiri ilə seçilən dəriyə qulluq vasitələri

İnfluenserlər, blogerlər və makiyaj ustalarının sosial şəbəkələrdə təqdim etdikləri dəriyə qulluq məhsullarının onların izləyici auditoriyası tərəfindən istifadəsi son dövrlərdə geniş yayılıb. İstifadəçilər bu tövsiyələrə əsaslanaraq müxtəlif kosmetik vasitələr əldə etsələr də, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu yanaşma bir sıra sağlamlıq riskləri yarada bilər.

Rəqəmsal platformalarda milyonlarla izləyicisi olan şəxslərin paylaşdıqları “effektiv nəticə” vəd edən məhsullar qısa müddətdə trendə çevrilir. Bu tendensiya xüsusilə gənc auditoriya arasında daha qabarıq müşahidə olunur. Bir çox hallarda istifadəçilər məhsulun tərkibi, mənşəyi və ya uyğunluq göstəriciləri barədə kifayət qədər məlumat əldə etmədən istehlak etmək qərarına gəlirlər.

Dermatoloqlar bildirirlər ki, dəriyə qulluq fərdi yanaşma tələb edən sahədir. Hər bir insanın dərisinin tipi, həssaslığı və mövcud problemləri fərqli olduğundan, eyni məhsul müxtəlif insanlarda fərqli təsir göstərə bilər. Sosial mediada təqdim olunan məhsullar isə əksər hallarda reklam məqsədi daşıyır və onların effektivliyi konkret şəxs üzərində fərqli nəticələnə bilər. Mütəxəssislərin sözlərinə görə, xüsusilə aktiv tərkibli məhsulların (turşular, retinol, vitamin kompleksləri və s.) nəzarətsiz istifadəsi dəridə arzuolunmaz reaksiyalara səbəb olur. Bəzi hallarda istifadəçilər bir neçə məhsulu paralel tətbiq edərək dərinin təbii balansını pozurlar ki, bu da uzunmüddətli problemlərə gətirib çıxara bilər.

Dermotoloq Sevinc Kərimova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə yayılan, trendə çevrilən hər məhsula etibar etmək düzgün yanaşma deyil. Başqa sözlə, sosial şəbəkələrdə yayılan tövsiyələr fərdi tibbi məsləhəti əvəz etmir: “Günümüzdə hər bir sahibkarın öz biznesini inkişaf etdirmək üçün reklama üz tutduğu hər kəsə məlumdur. Onların əksəriyyəti öz məhsullarının reklamını blogerlər və influenserlər vasitəsilə müəyyən ödəniş müqabilində həyata keçirirlər. Unutmayaq ki, sosial media platformalarında geniş kütlələrə xitab edən influenserlər və ya blogerlərin heç biri həkimləri, dermotoloqları və kosmetoloqları əvəz edə bilməz.”

Dermatoloqun sözlərinə görə, qeyri-peşəkar yanaşma ilə sosial şəbəkələrdə tövsiyə olunan dəriyə qulluq vasitələrindən istifadə müxtəlif dəri tiplərində bir sıra xroniki autoimmun xəstəliklərin yaranması ilə nəticələnə bilər. Bununla yanaşı,a mütəxəssis vurğulayır ki, dəriyə qulluq vasitəsi seçərkən həmin məhsulların keyfiyyətli olması, məhşur istehsalçı şirkətlərin məhsulları olması hər kəsin istifadəsi üçün uyğun olduğu demək deyil: “İlk növbədə istifadəçi öz dəri tipini müəyyən etməli, məhsulun tərkibini diqqətlə araşdırılmalı və mümkün hallarda ixtisaslı mütəxəssisə müraciət etməlidir.”

Mütəxəssis  sosial media tövsiyələri əsasında seçilən dəriyə qulluq vasitələrinin yarada biləcəyi risklərdən danışaraq belə bir halda kontakt dermatit (dərinin müəyyən kimyəvi maddələrlə birbaşa təması nəticəsində yaranan, qaşınma, qızartı, su toplayan qabarcıqlar və quruluqla xarakterizə olunan iltihablı dəri xəstəliyidir) və xırda damarların zədələnməsi kimi əks təsirlərin baş verə biləcəyini vurğuladı.

Mütəxəssislər vətəndaşlara sosial mediada yayılan trend və reklam xarakterli paylaşımlara tənqidi yanaşmalı olduqları ilə bağlı çağırış edirlər. Qeyd olunur ki, sağlam və düzgün dəriyə qulluq təsadüfi seçimlərdən deyil, elmi əsaslara və fərdi xüsusiyyətlərə uyğun yanaşmadan keçir.

Şahnigar Əhmədova, “İki sahil”