09 aprel 2026 00:19
115

İspaniyada kirayəçilər aksiyaya hazırlaşırlar

İspaniyada kirayəçi birlikləri ölkənin iri daşınmaz əmlak şirkətlərindən biri olan "Alquiler Seguro"nun qanunsuz üsullarla qazanc əldə etdiyini iddia edərək, ölkə üzrə bütün kirayəçiləri “kirayə ödəməmə aksiyası”na qoşulmağa çağırıblar.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, kirayəçi birliklərinin daxil olduğu konfederasiyanın açıqlamasına görə, şirkətin qanunazid tətbiqlərinə qarşı ilk milli kirayə tətilini təşkil etmək üçün kampaniya başladılıb.

Xüsusilə Madrid və Barselona kimi iri şəhərlərdə kirayəçilərin illərdir haqsız ödənişlərə məcbur edildiyi vurğulanıb. Bildirilir ki, kirayə müqavilələri zamanı iki-üç aylıq kirayə məbləğinə çatan vasitəçi haqları, eyni qrupa aid şirkətlər vasitəsilə məcburi sığorta və əlavə ödənişlər, mənzil baxımındakı çatışmazlıqlar və hətta mənzilə baxış üçün 200 avroya qədər tələb olunan ödənişlər kimi hallar geniş yayılıb.

Açıqlamada qeyd olunub ki, bu aksiya ölkə üçün bir ilk olacaq və kirayəçilər təşkilatlanaraq buna qoşulacaqlar.

Digər tərəfdən, İspaniyanın İstehlak Nazirliyi adıçəkilən şirkəti 3,6 milyon avro məbləğində cərimələyib. Qərara əsasən, şirkət həm cərimə ödəyəcək, həm də kirayə prosesində sui-istifadə kimi qiymətləndirilən maddələri aradan qaldıracaq.

Qeyd edək ki, İspaniya Avropa İttifaqında (Aİ) mənzil qiymətlərinin ən çox artdığı ölkələrdən biridir. 2025-ci ilin dördüncü rübündə ölkədə mənzil qiymətləri illik müqayisədə 12,9% artıb, bu da Aİ üzrə orta göstəricidən (5,5%) xeyli yüksəkdir.