09 aprel 2026 08:14
145

Hörmüz boğazından keçid üçün yeni qaydalar

İranda dəniz minaları ilə təmasdan qaçmaq üçün Hörmüz boğazından keçmək niyyətində olan bütün gəmilərin Tehran tərəfindən müəyyən edilmiş iki alternativ marşrutdan istifadə etməsi barədə məcburi tələbin tətbiq edildiyi bildirilib.

“İki sahil” xəbər verir ki, təlimat İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri tərəfindən verilib.

"Fars körfəzində və Hörmüz boğazı zonasında yaranmış hərbi vəziyyəti, eləcə də akvatoriyada müxtəlif növ gəmi əleyhinə minaların olması ehtimalını nəzərə alaraq boğazdan keçməyi planlaşdıran bütün gəmilər xüsusi sərəncama qədər Hörmüz boğazı bölgəsində SEPAH-ın Hərbi Dəniz Qüvvələri ilə məcburi koordinasiya əsasında alternativ marşrutlar üzrə hərəkət etməyə borcludurlar", - məlumatda bildirilib.

Vurğulanıb ki, bu tədbir "gəmiçilik təhlükəsizliyi prinsiplərini təmin etmək və dəniz minaları ilə mümkün toqquşmaların qarşısını almaq məqsədilə" tətbiq edilib.

SEPAH-ın təlimatında həm Fars körfəzindən, həm də əks istiqamətdə Hörmüz boğazından keçmək üçün iki alternativ marşrut göstərilib. Hər iki marşrut Laraq adası yaxınlığındakı su məkanından keçir.