10 aprel 2026 12:47
158

AQTA yanında İctimai Şuranın sədri: Dişi quzuların erkən kəsimi heyvandarlıq sektorunun dayanıqlılığına mənfi təsir göstərir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın sədri, UNEC-in dosenti Mehriban Məhərrəmova “Erkən kəsimə son” kampaniyasını dəstəkləyir. 
“İki sahil” xəbər verir ki, Mehriban Məhərrəmova xüsusilə dişi quzuların erkən kəsiminə diqqət çəkərək bildirib ki, son illərdə görülən tədbirlərə baxmayaraq, heyvandarlıq sektorunda müəyyən geriləmələr mövcuddur. Bu geriləmələrin əsas səbəblərindən biri heyvanların inkişaf mərhələsi tamamlanmadan kəsimə yönləndirilməsidir ki, bu da həm məhsuldarlığa, həm də sektorun uzunmüddətli dayanıqlılığına mənfi təsir göstərir.
AQTA yanında İctimai Şuranın sədri erkən kəsimin bioloji aspektlərlə yanaşı, iqtisadi baxımdan da səmərəsiz olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, dişi heyvanların dövriyyədən çıxarılması, sürünün təbii artımını zəiflədir və genetik potensialın itirilməsinə gətirib çıxarır. Bu isə gələcəkdə məhsuldarlığın aşağı düşməsi ilə nəticələnə bilər. 
Mehriban Məhərrəmova bildirib ki, mütəmadi maarifləndirmə tədbirləri nəticəsində bu tendensiyanın qarşısını almaq mümkündür: 
“Nəticə olaraq, erkən kəsim yalnız bu günün deyil, gələcəyin də itirilməsidir. Bu, hələ bar verməmiş ağacın kəsilməsinə bənzər bir yanaşmadır. Ona görə də bu praktikanın qarşısının alınması aqrar siyasətin prioritet istiqamətlərindən biri olmalıdır” – deyə, M. Məhərrəmova vurğulayıb.