Türkiyə regionda atəşkəsin təşviq edilməsi üçün münaqişə tərəfləri (ABŞ və İran – redaktorun qeydi) ilə aktiv əlaqələrini davam etdirir. Tehran və Vaşinqtonun iki həftə ərzində yenidən atəşkəs elan etməsi mümkündür.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Anadolu agentliyinin redaktorları ilə dəyirmi masa müzakirəsi zamanı bildirib.
İslamabadda ABŞ-İran danışıqlarının nəticələrindən sonra regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün Ankaranın vasitəçilik səylərini şərh edən Fidan qeyd edib ki, tərəflər atəşkəs razılaşmasının vacibliyini qəbul edirlər.
“Həqiqət budur ki, Türkiyə də daxil olmaqla heç bir ölkə İranla münaqişənin tərəfi olmaq istəmir. Ölkəmiz Hörmüz boğazı vasitəsilə neft və qaz tədarükündən asılı deyil, lakin enerji qiymətlərinin artmasının nəticələrindən qaça bilmərik. Düşünürəm ki, danışıqlardan sonra Hörmüz boğazından tranzitlə bağlı heç bir problem olmayacaq. Əsas məsələ bu su yolunda naviqasiya qaydalarında ehtimal olunan dəyişiklikdir”, - deyə Türkiyə diplomatiyasının rəhbəri bildirib.
Türkiyənin xarici işlər naziri vurğulayıb ki, bütün dünya Hörmüz boğazında naviqasiya azadlığının qorunmasını dəstəkləyir.
“Ankara Hörmüz boğazı ilə bağlı razılaşma əldə edilməsinin tərəfdarıdır. Beynəlxalq silahlı sülhməramlı missiyanın bu məsələyə cəlb edilməsi bir çox çətinliklə üzləşir”, - deyə H.Fidan qeyd edib.